Elnur Allahverdiyev qəbul keçirdi

Bu gün dairəmizin seçiciləri və müraciət edən vətəndaşlarımızla növbəti qəbulumuzu reallaşdırdıq. Görüşə gələn iki seçicimiz - xalq artisti Fatma Mahmudova və əməkdar artist Süleyman Zeynalovu görmək bizim üçün xoş sürpriz oldu. Sevimli sənət adamlarımızla vaxtaşırı müxtəlif tədbirlərdə üz-üzə gəlirik. Fatma xanım 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərdə dəfələrlə seçki qərargahmızda olub və öz dəstəyini göstərib. Süleyman müəllimi isə nisbətən yaşlı nəsil çox yaxşı tanıyır, onun mədəniyyətimizə verdiyi töfhələri unuda bilmərik. Hər ikisi ilə bir daha görüşmək mənim üçün çox xoş oldu.

Gənc, təhsildə ciddi uğurlar qazanmış gənc seçicilərimizlə görüşlərimiz də bizi sevindirir. Qarşıdakı günlərdə dairəmizin gənc sakini, beynəlxalq olimpiadanın qalibi olmuş gözəl balamız - Selcan Şəfizadə barədə ayrıca məlumat paylaşacam. Onunla bu gün çox maraqlı, olduqca pozitiv təəssüratlı görüşümüz oldu.

Qəbula gələn daha bir gəncimiz özünün startapını təqdim etdi. Düşünürəm ki, belə gənclərə bacardıqca dəstək olmalıyıq. Dairəmizin gəncləri arasında idman arenalarında böyük uğurlar qazananların sayı artır. Bu gün ondardan biri - şokotan karate-do üzrə dünya çempionu Rəsul Abbasovun atası Yaşar müəllimlə söhbətimiz oldu. Rəsul sabah növbəti yarış üçün Abu-Dabi şəhərinə gedir. Dualarımız onunladır.

Qarşıdakı günlər ərzində bütün digər müraciətləri də diqqətlə araşdırıb mümkün köməyimizi göstərməyə çalışacağıq.

ELNUR ALLAHVERDİYEV
MİLLİ MƏCLİSİN DEPUTATI