“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında üzləşdiyi əsas problemlərdən biri də minalar və partlamamış hərbi sursatlardır”.
Sabahinfo.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.
O qeyd edib ki, ANAMA minatəmizləmə prosesi ilə yanaşı, azad edilmiş ərazilərə yaxın yaşayan əhalinin mina ilə bağlı təhlükələr və ehtiyat tədbirləri barədə maarifləndirilməsi ilə də məşğul olur.
Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra minaların təmizlənməsi və azad edilmiş ərazilərin yenidən qurulması, o cümlədən nəqliyyat əlaqələrinin bərpası istiqamətində xeyli işlər görülüb.
E.Hüseynov bu ərazilərdə aparılan işlər, o cümlədən hava limanlarının, yaşayış komplekslərinin, məktəblərin və digər infrastrukturun tikintisi barədə məlumat verib.