Əminə Ağazadə iclasa sədrlik etdi

MDB Parlament Assambleyasının (PA) daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının iclasına Milli Məclisin deputatı, bu komissiyanın sədr müavini Əminə Ağazadə sədrlik edib.

İclasda “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Maliyyə əməliyyatları haqqında”, “Öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üsulları haqqında”, “Sığorta haqqında”, “Fondlar haqqında”, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” (yeni redaksiya) model qanunların layihələri müzakirə olunub. “Müqavilə hüququ (ümumi müddəalar) haqqında” qanun layihəsi üzərində işlərin gedişi nəzərdən keçirilib.

Videokonfransda Hüquqi məsələlər üzrə daimi komissiyanın sədr müavini Əminə Ağazadə Parlamentlərarası Assambleyanın Daimi Komissiyaları haqqında Əsasnaməyə təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib. Məsələ geniş müzakirə olunub.

Komissiyada bir sıra sənədlərə, o cümlədən model qanunvericilik aktlarının hazırlanmasına dair təkliflərə münasibət bildirilib. Təşkilati məsələlərə baxılıb.