“Azərbaycan enerji sahəsində həyata keçirdiyi layihələr nəinki ölkəmizin eyni zamanda regionun və Avropanın enerji ehtiyatlarının ödənilməsi istiqamətində önəmli addım atır. Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla bu istiqamətdə keçirilən görüşlər enerji layihələrinin gələcək perspektivindən xəbər verir”.
Bunu YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib. Onun sözlərinə görə, Müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi İtaliya ilə enerji sahəsində əməkdaşlıqda yeni səhifə açacaq.
M.Səfərli onu da bildirib ki, ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da görülən işlərin müsbət təzahürü idi: ““Gülüstan” sarayında İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın uğurlarından, tərəfdaş ölkələrlə əlaqələrinin inkişafından geniş bəhs edərək Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrünün başladığını bəyan edib. 1280 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də növbəti töhfə olacaq”.
M.Səfərli onu da qeyd edib ki, Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, son məntəqəsi İtaliyadır. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP layihəsini Azərbaycan və İtaliyanın birgə uğuru kimi dəyərləndirdi. İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə hazırda aparılan bərpa-quruculuq işlərində də fəal iştirak edirlər. Prezident İlham Əliyev dost ölkələrin bu prosesdə fəal iştirakını yüksək dəyərləndirir: “Yeni situasiyada isə əməkdaşlığın daha da dərinləşməsi artıq hər iki ölkə üçün zərurətdir. Əslində, Prezident İlham Əliyevin ötən ilin sentyabrında İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində enerji sahəsində əməkdaşlığın yeni reallıqda inkişafının yol xəritəsi bəyan olunmuşdu. Lakin etiraf etməliyik ki, hətta Avropanın aparıcı dövlətləri belə mürəkkəb geosiyasi şəraitdə proseslərin bu sürətlə reallaşdırıla biləcəyinə ehtimal vermirdi”.