Qardaş Türkiyədə yaşanan faciə hər birimizi o qədər sarsıdıb ki, başqa məsələlərə, hətta ictimai-siyasi baxımdan kifayət qədər ciddi əhəmiyyət kəsb edən mövzulara belə, lazımi səviyyədə diqqət ayırmaqda çətinlik çəkməli olursan. Daxilimizdəki mənəvi senzor bütün düşüncə və hisslərimizi, arzu və diləklərimizi Türkiyəyə yönləndirir. Tarixi bağlarımız o qədər dərin və birmənalıdır ki, bu gün hər bir azərbaycanlı qardaş ölkədə yaşananları şəxsi faciəsi hesab edir və çalışır ki, dəhşətli zəlzələdən əziyyət çəkən insanlara, həyatını itirənlərin yaxınlarına və minlərlə yaralıya hansısa şəkildə dəstək ola bilsin. Mənəvi təskinliyi onda tapırıq ki, xalqımız qardaş ölkəyə dəstək məsələsində 44 günlük Vətən müharibəsində olduğu qədər səfərbər və həmrəydir. Ən başlıcası isə, bu həmrəyliyi tərənnüm etdirən, önündə gedən müstəqil Azərbaycan dövləti və onun Prezidentidir. Prezident İlham Əliyevin fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığında söylədiyi bu sözlər xalqımızın, hər birimizin qəlbindən keçən hissləri tamlıqla ifadə edir: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı sarsıdıb... Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat qeyd edib: “Azərbaycan Prezidentinin tapşırığına əsasən, geniştərkibli xilasedici heyətimiz artıq Türkiyədədir və yerli həmkarları ilə birlikdə fəaliyyət göstərir. İnşallah, onların köməyi ilə dağıntılar altından daha çox insanın həyatını xilas etmək mümkün olacaq. Ard-arda baş vermiş, böyük dağıdıcı gücə malik olan dəhşətli zəlzələlərin nəticəsi nə qədər ağır olsa da, inanırıq ki, doğma Türkiyə bu bəlanın da öhdəsindən gələcək. Dost və qardaş ölkələrin nümayiş etdirdiyi səfərbərlik nümunəsi, Türk dünyasının möhtəşəm həmrəyliyi deməyə əsas verir ki, bu çətin sınağı birgə səylərimizlə adlada biləcəyik. Amma bunun üçün dostlarımız və özümüz iqtisadi cəhətdən daha güclü olmalıyıq, dövlətlərimiz tərəfindən bu istiqamətdə atılan bütün addımlara lazımınca dəyər verib onları təqdir etməliyik. Fevralın 3-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları məhz bu cür mühüm addımlardan yalnız biridir. Həmin tədbir bir daha göstərdi ki, Prezident İlham Əliyev güclü, eyni zamanda, beynəlxalq tərəfdaşlar üçün cəlbedici və etibarlı Azərbaycan modelini yaratmaq mövqeyində qətiyyətlidir. Tədbirdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı onu deməyə əsas verir ki, müasir Azərbaycan artıq Avropa və bütövlükdə mütərəqqi dünya üçün əhəmiyyətli beynəlxalq tərəfdaşa, ölkəmizin paytaxtı isə geoiqtisadi və geosiyasi proseslərin mühüm əməkdaşlıq mərkəzinə çevrilib. Bu mötəbər tədbirdə SOCAR ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərindən bir çoxunun, o cümlədən BP, BOTAŞ, TANAP, TAP, TRAO, TAQA, “Bulgargaz EAD”, “Bulgartransgaz”, “ICGB, Fluxys”, “ROMGAZ SA”, SACE, Desfa, “TotalEnergies”, “FGSZ Ltd”, SNAM, “Uniper”, “Petronas”, “ACWA Power”, Masdar, “Fortescue Future İndustries”, “WindEurope” və “SolarPower Europe” kimi nəhəng şirkət təmsilçilərinin iştirakı Bakıda keçirilən tədbirə və onun gələcəyinə göstərilən beynəlxalq diqqətin əhəmiyyətindən xəbər verir. Tədbiri fərqləndirən cəhət həm də onunla bağlı oldu ki, bu beynəlxalq platformada siyasi qərar mərkəzləri və enerji şirkətləri ilə yanaşı, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı kimi nüfuzlu maliyyə təsisatlarının təmsilçiləri də iştirak edirdilər. Bu isə öz növbəsində o deməkdir ki, siyasi qərar mərkəzləri, aparıcı enerji şirkətləri və maliyyə institutları nəzərdə tutulan layihənin gerçəkləşdirilməsi üçün bənzərsiz həmrəylik və qətiyyət nümayiş etdirirlər. Bu da səbəbsiz deyil. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında həmin məqama xüsusi diqqət yetirərək bu mesajı verdi: “Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir”.
Qeyd edilib ki, bu mötəbər tədbirdə müşahidə etdiyimiz həmrəylik həm də ona görə xüsusi diqqət çəkir ki, Azərbaycan illər əvvəl TANAP və TAP layihələrini gerçəkləşdirməyə başlayanda, bəziləri onlara səmərəli əməkdaşlıq platforması kimi deyil, daha çox rəqib gözü ilə baxırdı. O zaman Avropada əksəriyyət təsəvvür etmirdi ki, gün gələcək, enerji təhlükəsizliyi onlar üçün də milli təhlükəsizlik məsələsinə çevriləcək və yubanmalar ümumi maraqlarımıza mane olacaq. Azərbaycan Prezidenti elə həmin səbəbdən bu həssas məqama çox incəliklə toxundu: “Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik... Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq”.
Prezident İlham Əliyev ötən il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu” yada salaraq, onu gələcək planlar üçün aydın yol xəritəsi adlandırdı və bu yolda ölkəmizin mövqeyinin dəyişməz olduğunu bəyan etdi: “Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur”. Dövlətimizin başçısı çıxışında bir başqa məqama da xüsusi diqqət çəkdi. Bildirdi ki, təbii enerji resurslarından asılılığı nisbətən azaltmaq üçün alternativ enerji mənbələri, o cümlədən yaşıl enerji ilə bağlı ölkəmizin nəzərdə tutduğu layihələr beynəlxalq birlik tərəfindən indidən diqqət mərkəzində saxlanılmalıdır. Bu, ona görə vacibdir ki, ziyanlı yubanmalara növbəti dəfə yol verilməsin. Çünki Azərbaycanın dənizdəki külək enerjisinin potensialı 157 qiqavata, quruda isə külək və günəş enerjisinin proqnozlaşdırılan gücü 27 qiqavata bərabərdir. İşğaldan azad olunmuş torpaqlarımızda 10 qiqavata qədər əlavə potensial mövcuddur. Naxçıvanda müəyyən edilmiş bərpaolunan enerji potensialı imkan verir ki, təkcə bu ərazidə 500 meqavatlıq günəş elektrik stansiyası layihəsi çox qısa müddətdə reallığa çevrilsin. Yaşıl enerji ilə bağlı Məşvərət Şurasının birinci iclasının məhz Bakıda keçirilməsi həm də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis də bu beynəlxalq tədbirdə iştirak etdi. Rumıniyanın dövlət başçısı tərəfindən səsləndirilən fikirlər Azərbaycanın etibarlı və strateji tərəfdaş statusunun növbəti etirafı demək idi: “İki il bundan əvvəl istismara verilən Cənub Qaz Dəhlizi şübhəsiz ki, özünü və o cümlədən Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini doğrultdu... Azərbaycan kimi etibarlı tərəfdaşlara doğru götürülmüş bu strateji kurs uzun müddət Rumıniya tərəfindən təşviq edilib. Biz 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın faydasını bir yerdə gördük”. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun dediyi fikirlər isə ölkəmizlə əməkdaşlığa göstərilən beynəlxalq diqqətin miqyasından xəbər verir: “ Qlobal artım risk altındadır. Enerji təhlükəsizliyi isə bizi düşündürən birinci məsələdir... Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni Anlaşma Memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi... Qaz təchizatı sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin genişlənməsi ilə üst-üstə düşür. Həmin qarşılıqlı qətiyyət bu böhranı iqtisadi imkanlara çevirəcək”.
“Mötəbər qonaqların səsləndirdiyi fikirlər həm də ona dəlalət edir ki, Avropa Azərbaycan hakimiyyətinin müstəqil siyasi və iqtisadi kursuna, ən başlıcası, Azərbaycan Prezidentinin ortaya qoyduğu siyasi iradə bütövlüyünə əmindir, - deyən Ü.Quliyev Prezident İlham Əliyevin “Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq” mesajının həmin siyasi qətiyyətin növbəti təsdiqi olduğunu bildirib.