Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı həqiqətləri bütün formalarda dünya ictimaiyyətinə çatdırılması işi daha da sürətləndirilməlidir
Zaman-zaman Azərbaycan xalıq ermənilərin etnik təmizləmə, terror, deportasya və soyqırımılarına məruz qalıb. Bu faciələrdən ən dəhşətli 1918-ci ilin mart-aprel aylarında baş verib. Belə ki, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib. Üç gün ərzində davam edən soyrıqımı nəticəsində 15 mindən artıq Azərbaycan türkü vəhşicəsinə öldürülüb. Məşhur "İsmailiyyə"nin binası, "Açıq söz", "Kaspi" mətbəələri yandırılmışdı. Bakının ən böyük dini məbədgahı olan Cümə məscidi toplarla dəlik-deşik edilmişdi. Şamaxıda Azərbaycan türklərinin yaşadığı məhəllələrdə daş daş üstündə qalmamışdı. 1918-ci ilin martında ermənilərin törətdiyi faciə nəticəsində qırx mindən çox əhalisi olan Şamaxıda minlərlə Azərbaycan türkü öldürülmüş, bütün binalar dağıdılıb məhv edilmişdi. Şəhərdən gecə ikən qaçıb qıraqda gecələyənlərin çoxu öldürülmüşdü. Canlarını qurtaranların əksəriyyəti aclıqdan və soyuqdan məhv olmuşdu. Ermənilər bu zaman eyni ssenari əsasında Güney Azərbaycanın Urmiya, Xoy, Təbriz, Səlmas şəhərlərində də türklərə qarşı soyqırımı törətdilər. O zaman 150 min əhalisi olan Urmiyada bir gecədə 1500 türkü öldürmüşdülər. Osmanlı ordusu Urmiyaya gələnə qədər artıq öldürülən türklərin sayı 10 min nəfəri ötmüşdü. 1918-ci il mayın 28-də Ermənistan Respublikası təşkil olunduqdan sonra Andronik 5 min nəfərlik silahlı erməni ilə Xoy şəhərinə hücuma hazırlaşırdı. Xoy sakinləri şəhərin mühasirədə qalmasına baxmayaraq qəhrəmanlıq göstəriblər. Bu zaman osmanlı ordusunun gəlməsi xəbərini eşidən xoylular ürəkləniblər. Andronik geri çəkilməyə məcbur olub. Onların bu qələbəsi ermənilərin Urmiyadakı hərbi planına sarsıdıcı zərbə endirib.
Hadisələri obyektiv araşdırmaq məqsədilə Rusiya dövləti tərəfindən yaradılmış komissiyanın üzvü, dini mənsubiyyət baxımından xristian olan Kulqe adlı birinin tərtib etdiyi protokolda türklərin məruz qaldığı dəhşətli səhnələrin təsviri tük ürpədir: "Ermənilər müsəlman əhalisinin sakin olduğu məhəllələrə girərək insanları vəhşicəsinə öldürüb, qılıncla parçalayıb, süngülərlə dəlik-deşik ediblər, evlərə od vurub yandırıblar, uşaqları diri-diri tonqalda yandırıblar. Hətta 3-4 günlük südəmər uşaqları süngülərə taxıblar. Küçələr Azərbaycan türklərinin meyitləri ilə dolu idi. Bu cəsədlərin qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzələləri kəsilmişdi. Ermənilər öldürmədikləri qadınların saçlarını bir-birinə bağlayaraq lüt halda tüfəng qundaqları ilə yaralayıblar. Onlar kimsəyə rəhm etmirdilər. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anasını, 60-70 yaşlı digər qadınları öldürmüş, 25 yaşlı təzə gəlini diri-diri divara hörmüşdülər. Belə vəziyyət ən rəhmsiz insanı belə, dəhşətə gətirən cinayət əməlləri idi". Kulqe divara söykədilmiş uşaq meyitlərinin itlər tərəfindən necə gəmirildiyini təsvir edən şəkillər də çəkib.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edib. Məhz bundan sonra erməni cinayətləri ilə bağlı araşdırmalar yeni faktların üzə çıxmasına səbəb olub. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunub. Hazırda soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət istər dövlət, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində davam etdirilir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporumuzun da qarşısında duran vəziflər var. Prezident İlham Əliyev 2013-cü ildə Qubada Soyqırımı memorial kompleksinin açılışı zamanı deyib: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.
Hazırda erməni yalan, soyqırımı və terrorunu ifşa edən filmlər çəkilir, kitablar yazılır, tədbirlər, layihələr həyata keçirilir. Dünya mediasında davamlı olaraq bu haqda yazılar dərc olunur. Amma dayanmaq olmaz. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı həqiqətləri bütün formalarda dünya ictimaiyyətinə çatdırılması işi daha da sürətləndirilməlidir.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu