Bakıda 2015 Avropa Oyunları zamanı yaşanan hadisə dünyanın idman ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Belə ki, həmin vaxt zalda əyləşən Prezident İlham Əliyev fəxri kürsüyə qalxmış erməni idmançısına medalı şəxsən özü təqdim etmişdi. Ardınca onun əlini sıxdıqdan sonra salondakı tamaşaçılara təmkinli olmaq jestini vermişdi.
Yaxud həmin nüfuzlu yarışda yaşanan başqa nümunəyə nəzər salaq. Ermənistan idmançıları rahat şəkildə ölkəmizə gəldilər və getdilər. Miqran Arutyunyan adlı yarış iştirakçısı olan erməni idmançısı vətənində qonaqpərvərliyimizdən ağızdolusu danışaraq Bakı-2015 haqda təəssüratlarını belə bölüşdü. “Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm.”
Bu, beynəlxalq yarışlara sahiblik edən Azərbaycan nümunəsi idi. Azərbaycan dövləti sübut etdi ki, miqyasından asılı olmayaraq idman yarışları siyasi diskusiya, hərb poliqonu deyil, sadəcə oyun meydanıdır və belə tədbirlərdə ölkələr əxlaqını nümayiş etdirir. Hətta düşmənə belə qonaq kimi sayğı göstərmək xalqımızın ləyaqət göstəricisidir!
İrəvandakı ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı idmançılarımıza, ölkəmizə qarşı baş verənlər isə vəhşiliyin, həyasızlığın göstəricisi idi. Azərbaycan bayrağının Ermənistanın baş naziri Paşinyanın və beynəlxalq ictimaiyyətin gözü qarşısında yandırılması nifrətin son həddi olmaqla yanaşı, barbarlığın, rəzilliyin, ləyaqətsizliyin erməni xislətinin dünyaya növbəti dəfə nümayişi oldu. Yaşananlar onu sübut etdi ki, terroru dövlət siyasəti seçmiş rəsmi İrəvan və erməni xalqı beynəlxalq yarışlara ev sahibliyi etmək iqtidarında deyil. Bütün bunlar azmış kimi, çempionatda iştirakdan imtina edən millimiz İrəvanda məskunlaşdığı oteldən buraxılmır. İdmaçılarımızın təhlükəsizliyi qorunmur.
Sərhəddə törədilən son təxribat, itkin düşmüş iki Azərbaycan hərbçisinə verilən işgəncə, zorakılıq halları, bunun davamı olaraq idmançılarımıza qarşı sərgilənən iyrənc münasibətə görə bütün məsuliyyət İrəvanın üzərindədir və buna görə cavab verməlidir. Əks təqdirdə, cavab haqqımız daha dəhşətli ola bilər!
Rəşad Mahmudov
Milli Məclisin deputatı