Ermənistan KTMT-nin arzuolunmaz bəndidir

Noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Həmin görüşdə KTMT rəsmi İrəvanın ümidlərini növbəti dəfə puça çıxarıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə "Ermənistana yardım göstərmək haqqında" sənədləri imzalamağa hazır olmadığını və onların tamamlanmasına ehtiyac duyduğunu deyib. Belə ki, Paşinyan sammitdən "Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini" gözləsə də, çirkin niyyətinə yenə nail ola bilməyib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, son 27 ildə KTMT Ermənistan üçün Azərbaycana qarşı təhdid alətlərindən biri hesab olunub və  İrəvan rəsmiləri daxili informasiya siyasətində bundan geniş formada istifadə ediblər. Lakin öncə Tovuz döyüşləri vaxtı, daha sonra isə 44 günlük savaşda Ermənistanın KTMT mifi fiaskoya uğradı. Ermənistanın parazit təfəkkürü bu yöndə formalaşmışdı ki, təşkilat Ermənistanın əvəzinə döyüşərək işğal status-kvosunu saxlamalı idi. Amma biz şahidi olduq ki, Rusiya da daxil, KTMT-yə üzv dövlətlərin hər biri Azərbaycanın ərazi bütövlüyünə dəstək verdilər, üstəlik, Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi dövlətlər hətta Azərbaycanı işğala son qoyması və şanlı qələbəsi münasibətilə təbrik etdilər. 
"Nəticədə xisləti zəhərlənmiş erməni cəmiyyəti öz hakimiyyətlərini KTMT ilə bağlı sorğuya çəkməyə başladılar. Ölkədə hətta Ermənistanın bu blokdan çıxmasının mümkünlüyü barədə ali səviyyədə fikirlər də səsləndirilir. Amma təbii ki, İrəvan müstəqil xarici siyasət kursu həyata keçirə və strateji qərarlar verə biləcək siyasi iradə sahibi olmadığına görə, Moskva Ermənistanı təşkilatdan qovmayana qədər İrəvanın KTMT-dən çıxması mümkünsüzdür. Paşinyanın KTMT-nin bəyannaməsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina etməsini də məhz bu konteksdən izah etmək olar. Paşinyan yaxşı başa düşür ki, nə İran, nə Fransa, nə də KTMT beynəlxalq hüquqa və özünün hərbi siyasi gücünə güvənən Azərbaycanı dayandıra bilməyib və bundan sonra da kimsə cənab İlham Əliyev üçün sədd qoya, çərçivə müəyyən edə bilməz", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, Prezidentimiz siyasi və iqtisadi müstəqilliyə və milli həmrəyliyə nail olmaqla Azərbaycanı regionda nüfuzlu söz sahibinə çevirib: "Həmçinin uğurlu enerji siyasəti Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin, bununla da milli təhlükəsizliyimizin mühüm və həlledici aktorlarından birinə çevirib. Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı simasında  formalaşan yeni güclü Türk qütbü KTMT-nin İrəvan üçün perspektivlərini heçə endirir. Cənab İlham Əliyev də açıq formada səsləndirir ki, KTMT-də Azərbaycanın İrəvanı yerinə oturda biləcək kifayət qədər dostları var. Paşinyan yaxşı başa düşür ki, bu gün KTMT-də təsisatla heç bir bağı olmayan Bakının mövqeyi təsisatın üzvü olan Ermənistanın mövqelərindən qat-qat güclüdür. Əksinə, Paşinyan və Ermənistan bu gün KTMT-nin arzuolunmaz bəndləridir".
B.Məhərrəmov deyib ki, sammitdəki çıxışında Paşinyana heç kimin qulaq asmaması da ziddiyyətin hansı səviyyəyə çatdığını bir daha göstərdi. Onun sözlərinə görə, bu, Ermənistan üçün utancdır və Paşinyan istəsə belə indiki həssas məqamda bunu dilinə gətirə bilməz. Ona görə də sənədləri imzalamaqdan imtina etməsini onların kifayət qədər işlənib hazırlanmadığı ilə əsaslandırması başadüşüləndir.
Deputat həmçinin bildirib ki, Paşinyan Qərbin gözündə Rusiya təsirindən qurtulmaq istəyən "əzabkeş" kimi görünmək istəyir: "Təbii ki, bu işdə onun "bacısı" Fransa da ideoloq kimi çıxış edir. Lakin Qərb İrəvanın Rusiya, İran və özü ilə qeyri-sağlam, ikili riyakar oyunlarını anlamayacaq qədər  sadəlövh deyil. Xüsusən də ABŞ-da keçirilən aralıq seçkilərin başa çatması, Vaşinqtonun  növbəti seçkiyə qədər "yazıq" erməni amilini bir küncə atdığı vaxtda Paşinyanın manevr imkanları çox azdır. Bu mənada Ermənistan rəhbərliyi KTMT-dəki davranışlarının hesabatını verməli olacaq".