Ermənistanın məqsədi Azərbaycanın gücü və iradəsi ilə formalaşmış reallıqları dəyişdirməkdən ibarətdir.
Əslində, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində ABŞ və Avropanın səylərini səmimi qəbul etmirəm. 2020-ci ildən ötən zaman ərzində əsas cəhdlər münaqişənin sanki hələ də davam edir təəssüratının yaradılmasına yönəldilmişdi. Qərb ATƏT-in Minsk qrupunun yenidən fəallaşdırılması üçün ciddi cəhdlər etdi. Yaranmış vəziyyətdə Minsk qrupunun fəaliyyətinin praktiki qeyri-mümkünlüyü və Azərbaycan tərəfinin qəti mövqeyini bildirməsi ilə onun reabilitasiya edilməyəcəyi dərk və qəbul edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu səsləndirib.
Onun sözlərinə görə, belə olan halda Ermənistan yenə də hər vasitə ilə yekun sülh sazişini imzalamaqdan yayınaraq hansısa bir dəstək elementinin üzə çıxacağı vaxtı gözləyirdi. Brüssel görüşləri ilk təəssüratda ümidverici görünsə də, əslində Rusiyanın vasitəçiliyi ilə başladılmış sülh prosesinin dayandırılmasına hesablandığı sonradan aydın müşahidə olundu. Belə ki, ötən ilin oktyabrının əvvəlində Praqada Fransa Prezidenti E.Makronun da iştirakı ilə Ermənistan ərazisinə mülki missiyanın göndərilməsi də sübut etdi ki, Avropa Ermənistana ağır məğlub durumda sülh müqaviləsini imzalamaqdan yayınmaqda kömək etməkdədir. “Məhz Aİ-nin mülki missiyasının Ermənistana göndərilməsindən sonra onun ritorikası aşkar şəkildə sərtləşməyə başladı. Ayrıca olaraq da, Azərbaycan ərazisində erməni separatizminin dəstəklənməsi istiqamətində daha intensiv addımların atılmasına başlandı. Məqsəd aydındır. Ermənistan və Azərbaycan ərazisindəki ermənilər təxribatlar törətməli, Azərbaycanın cavab reaksiyaları isə Aİ-nin missiyası tərəfindən təcavüz kimi qeyd olunmalıdır. Bu da, son nəticəsində beynəlxalq mövqeləri Ermənistanın xeyrinə dəyişməyə xidmət etməlidir. Bu baxımdan, hesab edirəm ki, Ermənistanın hərbi ritorikaya üstünlük verməsini əsasən Qərbdən aldığı cəsarət şərtləndirməkdədir.
Azərbaycan ərazisindəki separatçı rejimin silahlandırılması istiqamətində cəhdlərin intensivləşməsi də məhz Aİ missiyasının regiona göndərilməsindən sonra daha aydın hiss olunmaqdadır. NATO-nun keçmiş Baş katibinin regiona gəlib sərt bəyanatlar verməsi də ümumilikdə Ermənistanın bölgədə vəziyyətin gərginləşdirilməsi istiqamətində bir alət kimi istifadə olunduğunu sübut edir. Təbii ki, təcavüzkar Ermənistan da belə rolda özünü rahat hiss edərək yenə də dağıdıcılıq missiyasını məharətlə yerinə yetirməkdədir”, - deyə E.Mirbəşiroğlu qeyd edib.
Deputat diqqətə çatdırıb ki, bütün bunlarla yanaşı, həm Ermənistan, həm də havadarları regionda tam yeni geosiyasi vəziyyətin yarandığını qəbul etmək məcburiyyətindədir. Təbii ki, onlar bunu görmək və qəbul etmək istəmirlər. Amma bu, ümumilikdə reallığa təsir etmir. Belə ki, Azərbaycan Ermənistanın və havadarlarının bütün siyasi və hərbi təxribatlarının qarşısını qətiyyətlə almaq əzmini daim nümayiş etdirir. 2020-ci ildən ötən zaman ərzində Ermənistanın bütün təxribatları özünün daha da acınacaqlı vəziyyətə düşməsi ilə nəticələnib. Ermənistanın hər təxribatının qarşısını alan zaman Azərbaycan öz mövqelərini daha da möhkəmləndirib, strateji yüksəkliklərə nəzarətini təmin edib.
E.Mirbəşiroğlunun sözlərinə görə, ermənilər həm də aydın görürlər ki, Azərbaycan ərazilərində separatizmi ayaqda saxlamaq qeyri-mümkündür. Silah-sursat daşınan yolları nəzarət altına götürməklə, Azərbaycan istənilən erməni təxribatının qarşısının alınmasında nə qədər qətiyyətə və gücə sahib olduğunu nümayiş etdirməkdədir. Ermənistan bu reallıqdan özü üçün nəticə çıxarmasa, mövcudluğu sual altına düşə bilər.
“Biz bu gün də ərazilərimizdə yaşayan ermənilərin reinteqrasiyası üçün dialoq təklif edirik. Lakin Ermənistanın və kənar qüvvələrin təsiri və təlimatları əsasında Azərbaycan ərazisində qalan ermənilər hələ konstruktiv yola gəlmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Vaxtilə Ermənistana da keçmiş münaqişəni dinc vasitələrlə tənzimləmək üçün təklif edirdik. Dinc yollar fayda verməsə, məsələni güc yolu ilə həll edəcəyimizi də bildirirdik. Lakin Ermənistan Azərbaycanın belə mövqeyini düzgün qiymətləndirə bilmədi. Nəticədə Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın işğalçı ordusunu darmadağın etdi və torpaqlarımızı işğaldan qurtardı. Hesab edirəm ki, proseslər təkrarlanır. Azərbaycan yenə də dialoq və sülh təşəbbüsləri ilə çıxış edir. Qarşı tərəf Azərbaycanın bu mövqeyini düzgün qiymətləndirə bilməsə, aqibətinin necə olacağını yaxşı bilir”, - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.