“Ermənistan sülh sazişini imzalamaqda hələ də boyun qaçırır”

“44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi”. Bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.

Səadət Məhərrəmova deyib ki, düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu: “Bu gün Azərbaycan dünyada qalib dövlət kimi tanınır. Bundan sonra  da xalqımız müzəffər xalq və qalib dövlət kimi tarixdə əbədi qalacaq. Lakin işğaldan azad olunan ərazilərdə ermənilər vandallıq ediblər. Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir”.

Mərkəz sədri bildirib ki, Ermənistan Vətən müharibəsində məğlub olsa da, sülh sazişini imzalamaqda hələ də boyun qaçırır: “Ötən gün Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən bir daha Ermənistanın “sülh siyasəti”ni ifşa edib. Cənab Prezident  Ermənistanın sülh haqqında danışmasını bir növ manipulyasiya hesab etdiyini deyib. Yəni bu o deməkdir ki, Ermənistan sülh oyunu oynayır. Şübəhısiz bu oyunda uduzan yenə də Ermənistan olacaq”.