Zaman ötdükcə Cənubi Qafqazın geosiyasi maraqların kəsişdiyi məkanlardan birinə çevrildiyi özünü daha çox büruzə verir. Yerləşdiyimiz coğrafiyanın gələcəyi ilə bağlı böyük güclərin yanaşma və baxışları arasındakı ziddiyyətin konturları getdikcə daha qabarıq şəkildə üzə çıxır. Nə qədər təzadlı görünsə də, Ermənistan hökuməti, bir tərəfdən, guya sülhə hazır olduğunu bəyan edir, o biri tərəfdən isə qəbul etdiyi qərarlar və atdığı addımlar bunun tam əksini göstərir. Ermənistan rəhbərliyinin missiyası ondan ibarətdir ki, aparıcı aktorların geosiyasi maraqlarının toqquşması nəticəsində üzə çıxan ziddiyyətlər Cənubi Qafqazda da təhlükəli həddə çatsın.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat qeyd edib: “Bu, təxminən ona bənzəyir ki, guya alovu söndürmək istəyən tərəf, əslində, ocağa su əvəzinə benzin səpələyir. Ermənistanın sülhlə bağlı şifahi bəyanatlarına rəğmən, atdığı real addımlar elə bunu xatırladır. Əgər belə olmasaydı, Ermənistan fərqli hərbi-siyasi blokların öz ərazisində qarşı-qarşıya gəlməsinə şərait yaratmazdı. Ermənistan KTMT-nin üzvü olduğu halda, indi onun ərazisində NATO-ya və Avropa İttifaqına (Aİ) üzv ölkələrin missiyası da yerləşir. Missiyanın adı jandarmeriya və ya başqa ad ola bilər, amma gerçəklik budur ki, Ermənistan Cənubi Qafqazda hər an alovlandırıla biləcək plasdarma çevrilir. Nə qədər anlaşılmaz görünsə də, reallıq belədir ki, Ermənistan sərhədlərində, hətta İrəvanın mərkəzi hava limanında Rusiya sərhədçilərinin dayandığı və Gümrüdə şimal qonşumuzun 102-ci hərbi bazası yerləşdiyi halda, NATO-ya üzv olan Fransa kimi ölkələr Ermənistanı silahlandırmaqla məşğul olur, ABŞ-da isə “Ermənistanın müdafiə aktı” kimi tərəfsiz vasitəçiliyi şübhə altına alan, hüquqi və məntiqi baxımdan izah edilməsi mümkün olmayan sənəd qəbul edilir. Özü də bu dəstək o ölkəyə verilir ki, çar Rusiyası dövründən indiyədək Rusiyanın forpostu olmaq statusu ilə könüllü şəkildə razılaşıb, 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirib, öz qanunvericiliyində qardaş Türkiyəyə qarşı nəzərdə tutduğu ərazi iddialarından hələ də imtina etməyib. Ermənistan iqtisadiyyatının ən azından 70 faizi indinin özündə də Rusiya ilə bağlıdır. Belə bir vəziyyətdə, Ermənistan hökuməti Ukraynada faktiki bir-biri ilə savaş aparan qütblərin Cənubi Qafqazda da üz-üzə gəlməsinə şüurlu şəkildə imkan yaradır və bununla geosiyasi qarşıdurmanın dərinləşməsinə, onun mümkün qədər uzanmasına xidmət edir. Ermənistan hələ də ümid edir ki, bu prosesin hansısa mərhələsində onun üçün əlverişli geosiyasi şərait yarana və o, əvvəlki status-kvo vəziyyətini bərpa edə bilər. Ermənistanın sülh müqaviləsini ləngitməsi, hər dəfə hansısa təkliflər paketini hazılamaqla vaxt uzatması elə buna hesablanıb”.
Azərbaycan rəhbərliyinin isə Cənubi Qafqazın gələcəyi ilə bağlı baxışının tamam fərqli olduğunu söyləyən Ü.Quliyev deyib ki, Ermənistandan fərqli olaraq, Prezident İlham Əliyev yalnız bəyanatları ilə deyil, həm də əməli müstəvidə sübut edir ki, irəli sürdüyü sülh təşəbbüsündə, dayanıqlı və ədalətli sülhün bərqərar olmasında, həqiqətən maraqlıdır. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqazda dinc birgəyaşayışın yolu ərazi bütövlüyü və suverenliyin qorunması ilə bağlı olan beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmət göstərilməsindən, iqtisadi əlaqələrin bərpasından, çoxsaylı kommunikasiyaların açılmasından və regionun dünya iqtisadiyyatına daha sıx inteqrasiyasından keçir. Ermənistan hökuməti bir gün bəyan edir ki, guya kommunikasiyaların açılmasında o da maraqlıdır, amma ertəsi gün üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq, əslində, bunun belə olmadığını nümayiş etdirir. Son üç ildə Ermənistan rəhbərliyinin ziddiyyətli mövqe sərgiləməsinin dəfələrlə şahidi olmuşuq. Dövlət maraqlarını, hətta suverenliyini barışmaz qütblərin maraq toqquşmasına qurban verən, fərqli siyasi mərkəzlər arasında hami axtarışında vurnuxan Ermənistan kimi ölkələrdən məntiqi ardıcıllığı, sözü ilə əməlinin üst-üstə düşəcəyini gözləmək əbəsdir. Çünki Ermənistan başqalarının oyununda, məhz başqalarının maraqları naminə alət olmaq ənənəsindən hələ də imtina edə bilmir, nəticədə isə qütblər toqquşmasının girovuna çevrilir.
Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının- SPECA-nın dövlət və hökumət başçılarının ilk Zirvə görüşü bir daha dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan rəhbərliyi böyük güclər arasında ziddiyyətlərin dərinləşməsində və bu ziddiyyətlərin Cənubi Qafqazda təmərküzləşməsində deyil, əksinə, Avropa və Asiya arasında daha etibarlı, daha dərin iqtisadi və siyasi əlaqələrin qurulmasında maraqlıdır. Prezident İlham Əliyev Zirvə görüşü çərçivəsində çıxışı zamanı dünya birliyinə və tarixi Qələbəmizi hələ də həzm edə bilməyən dairələrə bu mühüm mesajı verdi: “Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir”.
Azərbaycan Prezidentinin siyasi sabitlik amilini xüsusi olaraq qabartması təsadüfi deyildi. Çünki daxili sabitliyi olmayan və xarici siyasətində müstəqil qərar verə bilməyən Ermənistan kimi ölkələr özləri-özlərini böyük layihələrdən təcrid edir, nəticədə qlobal iqtisadi əməkdaşlıq zəncirində az əhəmiyyətli və etibarsız həlqəyə çevrilir. Dövlətimizin başçısı sözdə sülhdən danışan, amma əslində bunun üçün müstəqil iradə sərgiləməkdən özü-özünü məhrum etmiş Ermənistana belə bir mesaj verdi: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz”.
“Prezidentin ifadə etdiyi bu gerçəklikdən çıxış edərək, bir həqiqəti də bilməliyik. Nə qədər ki, Ermənistan qonşu ölkələrlə münasibətində müstəqil qərarlar vermək və qətiyyətli siyasi iradə nümayiş etdirmək gücündə deyil, onun sülhlə bağlı bəyanatı da həmişə şübhə doğuracaq və bəyanat səviyyəsindən əməli müstəviyə keçə bilməyəcək. Bu isə o deməkdir ki, işğal dövründə olduğu kimi, Ermənistan bundan sonra da özünü qlobal iqtisadi layihələrdən məhrum edəcək, kimlərsə öz maraqları naminə ondan Cənubi Qafqazda dinc birgəyaşayışı və əmin-amanlığı təhdid edən alət qismində istifadə etmək imkanını qazanacaq. Lakin o da şübhəsizdir ki, gec-tez böyük dövlətlər də anlayacaqlar ki, Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunması qarşıdurmadan və onun dərinləşməsindən deyil, siyasi uzlaşmadan və qarşılıqlı şəkildə faydalı olan iqtisadi inteqrasiya prosesindən keçir. Getdikcə onlar da əmin olacaqlar ki, Azərbaycan Cənubi Qafqazda dayanıqlı, faydalı uzlaşmanın gerçəkləşməsində müstəqil siyasi iradəyə malikdir və həlledici söz sahiblərindən biridir. SPECA-nın 25-ci ildönümünə həsr olunmuş Zirvə görüşündəki yüksək səviyyəli təmsilçilik beynəlxalq aktorlara onu da nümayiş etdirdi ki, Türk dövlətlərinin birliyi artıq gerçək siyasi amildir və geosiyasi proseslərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin maraqlarının nəzərə alınması qaçılmazdır”, - deyə deputat əlavə edib.