Ersin Tatar: Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - VİDEO

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan, Türkiyə-Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti-Türkiyə parlamentlərarası işçi qruplarının rəhbərlərini və üzvlərini qəbul edib.

Sabahinfo.az xəbər verir ki, Prezident Ersin Tatar çıxışında üç parlamentin dostluq qruplarının Şimali Kipr Türk Cümhuriyyətində bir araya gəlməsini tarixi hadisə adlandıraraq işçi qrupların üzvləri ilə görüşdən məmnunluq duyduğunu, ölkəsinin mübarizəsində “Tək millət, üç dövlət” arzusu ilə yaşadıqlarını vurğulayıb. Şimali Kipr türklərinin çətin anlarında Türkiyənin 1960-cı ildə əldə edilmiş razılaşmada yer alan qarantiya hüququndan istifadə edərək hadisələrə müdaxilə etdiyini xatırladan Prezident Ersin Tatar hazırda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olduğunu vurğulayıb. Şimali Kipr xalqının apardığı mübarizəni Türkiyənin, Azərbaycanın və bütün Türk dünyasının haqlı mübarizəsi adlandıran Prezident parlamentlərarası dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şimali Kipr türklərinin yaşadıqları hadisələri sovet dönəmində Azərbaycanın da yaşadığını xatırladaraq o zamanlar Türkiyənin ölkəmizə dəstək olduğunu və qələbəni birlikdə əldə etdiklərini bildirib, hər bir azərbaycanlının Şimali Kipr türklərinin yanında olduğunu vurğulayıb.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında ölkələrimiz arasında dostluğun yaradılmasında Ulu Öndər Heydər Əliyevin çox böyük rolunun olduğunu diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım hər üç ölkənin yaxınlaşmasına göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib, parlamentlərarası əlaqələr üzrə işçi qrupların yaradılmasının ölkələrimizin bir-birini daha yaxından tanımasına xidmət etdiyini deyib.

Ersin Tatar: Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir VİDEO