Əsrə bərabər 20 il

Tarixin inkarolunmaz dərsləri və həqiqətləri var: "Dünya insanı yox, insan dünyanı dəyişdirir". Qurub-yaradan, şəhər və kəndləri gülüstana çevirən, arzuları çiçəkləndirən, əməlləri, amalları ilə hörmət qazanan, ucalan da, müharibələr, qırğınlar törədən, ölkələri xaraba qoyan, vəhşi, zalım xisləti ilə bəşər övladına bəlalar gətirən, qan töküb ev yıxmaqdan həzz alan və sonda nifrət qazanan da insandır.    

Ulu Öndərimiz Heydər Əliyev bildirirdi ki, "Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir". Ümummilli Liderimizin fikirlərinə istinad edərək deyə bilirik ki, dünyanın xoşbəxtliyi, gələcəyi, firavanlığı, əlbəttə, insanın özündən asılıdır.    

Heydər Əliyevin söylədikləri, həyata keçirdikləri qəlbdən gəlirdi və həyat amalı idi. Qurmağı, yaratmağı, insanlara səadət bəxş etməyi, vətənini, xalqını, xoşbəxt görməyi ömrünün mənası hesab edən bu dahi şəxsiyyət son nəfəsinə kimi bəşəri duyğularla, nəcib məqsədlərlə yaşadı və xalqının qəlbində əbədi bir heykəl kimi ucaldı.

Azərbaycan tarixinə qurucu, yaradıcı, islahatçı, xilaskar, qəhrəman kimi imza atan və əbədiləşən Ulu Öndərin xalq, vətən, insan qarşısında xidmətləri şərəfli ömrə, ictimai borca, vicdanlı əməllərə münasibətindən qaynaqlanırdı və həm xalqın, həm də öz ömrünü, həyatını mənalandırırdı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə vətənin, xalqın inkişafı, rifahı üçün yaşadı, yaratdı. Geridə qalan bir respublikanı ittifaqın ən qabaqcıl regionları sırasına çıxaranda, ölkəni vətəndaş müharibəsindən, qardaş qanı tökülməsindən qurtaranda, tarixdə misli olmayan neft kontraktına, böyük layihələrə imza atanda, beynəlxalq tribunalardan ölkəmizin haqq səsini dünyaya yayıb erməni təcavüzkarlarını ifşa edəndə, məhz dövlətimizin suverenliyini, torpaqlarımızın azadlığını, xalqımızın xoşbəxtliyini və gələcək inkişafını düşünürdü.

Heydər Əliyev Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında tarixi dönüş yaradan, bu günümüz, inkişafımız üçün bünövrə qoyan və yüksəlişimizə nail olmağın yollarını öz ideyaları ilə əsaslandırıb təqdim edən bir rəhbər idi. O, həm də dünya azərbaycanlılarının birliyini, həmrəyliyini xoşbəxt gələcəyimizin uğuru kimi dəyərləndirən və bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirən əsl azərbaycanlı, sədaqətli, vətənpərvər vətəndaş idi.        

İlham Əliyev kimi uzaqgörən, cəsarətli, milli xüsusiyyətlərə, bəşəri dəyərlərə sahib olan bir oğul, övlad tərbiyə etməsi və layiqli vətəndaş kimi formalaşdırması Azərbaycan xalqının, torpaqlarımızın xilaskarı kimi yetişdirməsi Heydər Əliyevin ən böyük xidmətlərindən biridir. O, özü kimi inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi bir oğulu Azərbaycana, xalqa bəxş etdi və İlham Əliyevin böyük siyasətinin, qalib gələn əməllərinin bəhrəsində özünün müdrikliyini, ölməzliyini bir daha sübuta yetirdi.

Cənab İlham Əliyev atasının - Ulu Öndərimizin ümidlərini şərəflə doğrultdu, inamını həqiqətə çevirdi, arzularını çiçəkləndirdi, vəsiyyətlərini ölməz amala çevirib həyata keçirdi. O, xalqına Prezident, ordusuna Ali Baş Komandan, torpağına, vətəninə vətəndaş kimi şöhrət bəxş etdi, qürur gətirdi.

Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız son 20 ildə Azərbaycanın heç vaxt unudulmayan qəhrəmanlıq və inkişaf tarixini yazdı. Hər biri əsrə bərabər olan bu illərin mayası xalqa, vətənə, torpağa məhəbbət, bəşər övladına, insanlığa, milli-mənəvi dəyərlərə hörmət, bəşəri ideyalara sədaqətlə yoğrulduğu üçün həm qələbələrimizin memarının - cənab İlham Əliyevin, həm də ona dəstək verənlərin, rəğbət bəsləyənlərin, etimad göstərənlərin - xalqımızın başını ucaltdı, adını şöhrətləndirdi, uğurlarını möhkəmləndirdi.    

Son 20 il Azərbaycanın siyasi, iqtisadi, sosial-mədəni həyatında inkişaf dövrü kimi xarakterikdir. 2023-cü ildə 1 milyard 220,9 milyon büdcə gəlirləri olan ölkəmiz indi 40 milyard manata yaxın büdcə gəlirinə malikdir. 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib olan dövlətimizin valyuta ehtiyatları 37 dəfə artmış, 67 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Bu illər ərzində orta aylıq əməkhaqqı 77,4 manatdan 900 manata yüksəlmiş, əməkhaqları, pensiyalar, sosial müavinət və təqaüdlər üzrə ödənişlər dəfələrlə artmışdır. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı sağlamlığı və təhlükəsizliyi dayanır" fikirlərini əməli fəaliyyətə, işə çevirən cənab İlham Əliyev bir an belə, xalqının qayğılarını unutmamış və bunu ölkənin, regionların sosial - iqtisadi inkişafı, qlobal enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərinin çəkilməsi, mühüm nəqliyyat infrastrukturunun yaradılması ilə sübut etmişdir.

Ötən 20 ildə 3 min 200-dən çox məktəb binasının, 750-dən çox tibb müəssisəsinin tikilməsi və əsaslı təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif idman qurğularının inşası, 21 min kilometrə yaxın yolun çəkilməsi, körpülərin salınması, 2 milyondan artıq yeni iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin 5 faizə düşməsi insanlara göstərilən qayğının, sosial siyasətin uğurlarıdır. Şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 mindən çox mənzilin və evin verilməsi bu qayğının bir nümunəsidir. Bu nümunələr saysız- hesabsızdır. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, haqq-ədalət mübarizəsinin dəstəklənməsi, BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında dövlətimizin nüfuz və etimada malik olması, ölkəmizin çox mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi dövlətimizin rəhbərinə bəslənən hörmət və etimadın ifadəsidir. Cənab İlham Əliyev öz əməlləri və amalları ilə yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin xoşbəxtliyi, gələcəyi, insanların rifahı üçün mübarizə apardığını sübut etmiş və dünya xalqları tərəfindən bir humanist, vətənpərvər, uzaqgörən siyasətçi, dövlət rəhbəri kimi qəbul edilmişdir.

Dövlət rəhbərimizin vətən, xalq, tarix qarşısında ən böyük xidməti isə Azərbaycanın suverenliyinin təmin olunması, ərazilərimizin azğın düşməndən təmizlənməsi, Qarabağda separatizmin kökünün kəsilməsi, şəhidlərimizin ruhunun sevindirilməsidir. 44 günlük müharibədə qazanılan qələbə və 24 saatlıq antiterror tədbirlərində erməni təcavüzkarlarının məhvi İlham Əliyev siyasətinin, qətiyyətinin, hərbi bacarığının, vətəndaşlıq qayəsinin elə yüksək zirvəsidir ki, o zirvədən Azərbaycan hər an müstəqil, azad və qalib görünür. Cənab İlham Əliyevin fəaliyyəti sayəsində ölkədə yaradılan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, siyasi partiyalara və vətəndaş cəmiyyətinə göstərilən qayğı və diqqət uğurlarımızın əsasıdır. Milli təhlükəsizliyimizin təmin olunmasında da bu amillər başlıca rol oynamışdır. Cənab İlham Əliyev milli təhlükəsizlik sistemini yeni dövrün tələbləri əsasında qurmağı, təkmilləşdirməyi və ölkəmizə qarşı yönələn qəsdlərin, çağırışların qarşısını vaxtında almağı bacardı.

Əlbəttə, bütün bunlar ölkə iqtisadiyyatının sürətli inkişafına, ordu quruculuğuna, insanların rifahının yaxşılaşdırılmasına, çox mühüm beynəlxalq əhəmiyyətli layihələrin, dövlət proqramlarının həyata keçirilməsinə zəmin yaratdı. 2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik aktına imza atması və bu ilin 19 sentyabrında keçirilən antiterror tədbirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasətinin, cəsarətinin, ordumuzun gücünün, məharətinin, xalqımızın birliyinin nümayişi olmaqla bərabər, həm də iqtisadiyyatımızın davamlılığının və ictimai - siyasi sabitliyin bərqərar edilməsinin nəticəsi idi.    

Bu gün işğaldan azad olunan ərazilərdə infrastrukturun yaradılması, yeni yaşayış binalarının, məktəblərin, xəstəxanaların, uşaq bağçalarının tikintisi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, "ağıllı kənd", "ağıllı şəhər" layihələrinin həyata keçirilməsi və həmin tədbirlərə 7 milyarddan çox vəsaitin ayrılması göstərir ki, Azərbaycan Prezidentinin hazırladığı və istiqamətləndirdiyi strateji-iqtisadi xətt önəmlidir və davamlıdır.    

İqtisadiyyatı güclü olmayan dövlətin müharibədə qalibiyyəti, ictimai həyatda uğurları, beynəlxalq aləmdə söz sahibi olması mümkünsüzdür. Cənab İlham Əliyev 20 illik fəaliyyəti dövründə məhz Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə, çox mühüm qaz-neft, nəqliyyat layihələrinə imza atıb, onu iqtisadi yüksəlişə yönəltməklə tarixi uğurlara nail oldu.

Prezidentimiz özü bu barədə deyir: "Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir". Prezident sosial-iqtisadi, mədəni tədbirləri həyata keçirəndə, milli-mənəvi, əxlaqi dəyərləri önə çəkəndə, humanist gedişlərini planlaşdıranda hörmətli Mehriban xanım Əliyeva ilə birlikdədi, həmrəydir. 

Cənab İlham Əliyevin uğurlarında, qələbələrində ictimai-siyasi xadim, humanist və vətənpərvər insan, həm də mehriban ana, sədaqətli həyat yoldaşı kimi Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. O, Azərbaycan qadınının həqiqət, ədalət, dəyanət, xeyirxahlıq simvolu, milli dəyərlər təbliğinin fədaisi olmaqla bərabər, öz çoxsahəli, səmərəli fəaliyyəti ilə dünyaya nümunə olan bir siyasətçi, dövlət xadimidir. Mehriban xanımın baxışlarındakı mərhəmət, qayğı, vətənpərvərlik insanlarda ona rəğbət yaradır. O, haqsızlığa, ədalətsizliyə qarşıdır. Mehriban xanım xalqına, torpağına məhəbbətindən güc alır və ali məqsədlərə xidmət edir.

Tarixin dərsləri və həqiqətləri onu dərk edənlər, öyrənənlər, qiymətləndirənlər, həm də gələcək nəsillər üçün çox vacibdir. Ulu Öndərimizin xatırlatdığı kimi, "tarix həmişə hər şeyi öz yerinə qoyur". Bəli, bu gün tarix təkrar olunur. Ümummilli Liderimiz tərəfindən əsası qoyulan Azərbaycan iqtisadiyyatı, mədəniyyəti, ordu quruculuğu, sosial həyat cənab İlham Əliyevin təşkilatçılığı və rəhbərliyi sayəsində yenidən qurulur, inkişaf etdirilir. Azərbaycan dünyaya inteqrasiya olunur, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və sürətli inkişafı, humanist, sülhsevər çağırışları, tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sadiqliyi ilə bəşəriyyətin rəğbətini qazanır. Erməni təcavüzkarları üzərində tarixi qələbə, ermənipərəst dövlətlərə qarşı cəsarətli mövqe, beynəlxalq normalara, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına göstərilən cəhdlər, haqqın, ədalətin, demokratiyanın, insan azadlığının qorunması üçün göstərilən səylər cənab İlham Əliyevə dünya siyasətçiləri, dövlət rəhbərləri arasında böyük rəğbət qazandırmış, ona olan inamı və etimadı qat - qat artırmışdır.

20 il dövlətə və xalqa sədaqətlə xidmət etmək, insanların böyük hörmətini qazanmaq, dünyanın sülhsevər vətəndaşlarının sevimlisinə çevrilmək rəhbər üçün böyük şərəf və dəyərli qiymətdir. Azərbaycan Prezidenti bu şöhrəti və dəyəri öz fəaliyyəti, xalqına və insanlara xidməti ilə qazanmışdır. 20 illik bir yolun başlanğıcı çox çətin olsa da, dayanacağı uğurlu, keçiləcək məsafələri işıqlı və inamlıdır. Cənab İlham Əliyevin keçdiyi bu yol böyük qürur doğurur. O, bu yolda həmişə xalqı ilə, dünyanın dəyərli insanları ilə bir olub, Vətəninin mənafeyini qoruyub, xalqına sədaqətlə xidmət etməkdən, torpaqlarını qorumaqdan, Azərbaycanı ucaltmaqdan və şöhrətləndirməkdən şərəf duyub, yeni uğurlara, zəfərlərə yollar açıb.

Cənab İlham Əliyevin əməllərinin, amallarının şahidi zaman və insan, adını, şöhrətini əbədiləşdirən, unudulmaz edənsə tarixdir. Tarix Prezidentimizin adını öz səhifəsinə silinməz hərflərlə yazıb və zaman bundan sonra da onun yeni uğurlarının şahidi olacaqdır.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri