Etibar Əliyev yazır-Ekzistensializm nə üçün aktualdır?

XX yüzillikdə insan varlığının unikallığına son dərəcə böyük diqqət verən yeni fəlsəfi cərəyan ekzistensializm meydana gəldi. Ekzistensialistlər belə hesab edirdilər ki, insan həyatının mahiyyətini mücərrəd anlayışlarla ifadə etmək olmaz. Axı onu canlı və həssas şəkildə dərk etmək mümkündür. Ekzistensializm “mövcudluq” mənasını verən “ekzistensiya” sözündəndir. Ekzistensiya insanın varlığının əsl gizli varlığı, onun həyəcanlarının, fərdi, təkrarolunmaz hisslərinin axınıdır.

İctimai həyatda biz emosional reaksiyaların hazır formalarından istifadə edir, şəxssiz ünsiyyətə müraciət edirik. Mən dəhlizlə gedirəm və “Necəsiniz?” sualını eşidirəm və “Çox sağ olun, yaxşıyam”, deyə cavab verir və gözdən itirəm. Məgər mənə sual verən adam həqiqətənmi həyatımın faktiki təfərrüatını bilmək istəyirdi? Əlbəttə, yox. Məgər mən özümü əslində çox da yaxşı hiss etməməyimə baxmayaraq, heç nə ifadə etməyən “yaxşıyam” replikası ilə cavab vermədimmi?

Bu cür ünsiyyəti, mərasimi adət halını almış, səthi adlandırmaq daha düzgün olar. Biz insan həyəcanlarının mahiyyətinə varmağa macal tapmadan bir-birimizin yanından qaçırıq. Lakin məgər insan həmişə standart, unifikasiya olunmuş şəkildə görünür? Əlbəttə, yox, hər bir insanın həyatında ekzistensialistlərin “sərhəd situasiyası” adlandırdıqları anlar olur. Bu anlarda onlar öz mövcudluğunun özümlülüyünü dərk edir.

Mənən şikəst edilməmiş, gündəlik həyatla bağlı, sövq-təbii hərəkət edən insan ekzistensial şəkildə düşünür. Ekzistensial düşüncədə insan bütünlüklə öz hissləri və arzuları, duyğuları və narahatlıqları, təcrübəsi və ümidləri, qayğıları və tələbatları ilə iştirak edir. Ekzistensializm ilkin dünyaduyumu mənzərəsini yaratmaq cəhdidir.

Ekzistensializm sərt və ayıq fəlsəfədir. Onun araşdırmalarının mərkəzində iki dünya müharibəsi təcrübəsi sayəsində realistə çevrilmiş insan durur. İnsanın mövcud olmaq və taleyin ağır yükünün öhdəsindən gəlmək üçün çox az qüvvəsi qalır. Üçüncü Dünya müharibəsi artıq gerçəkliyə çevrilib.

XXI əsr Süni intellektin inkişaf etdiyi əsrdir. Bu gerçəklik ekzistensializmi daha da aktuallaşdırır.

Etibar Əliyev 

Fəlsəfə doktoru