Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bakı KOB evi”ndə fəaliyyət göstərir.
Bu barədə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, ETSN tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara 9 istiqamət üzrə xidmət göstərilir:
- su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi;
- dövlət ekoloji ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert rəyinin verilməsi;
- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə verilməsi;
- balıqovlama biletinin verilməsi;
- zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, belə kolleksiyaların Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə verilməsi;
- kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi;
- yaşıllığın götürülməsi vərəqinin verilməsi;
- yerin təkindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə müəyyən sahələrə “Dağ-mədən ayırması” statusunun verilməsi;
- geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsi.
Sahibkarlar bu xidmətlər üçün ETSN-in “Bakı KOB evi”ndə xidmət göstərən mütəxəssislərinə müraciət edə bilərlər. Sözügedən xidmətlərin ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən KOB evlərində də həyata keçirilməsi planlaşdırılır.