Evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi tövsiyə olunur - Leyla Bəşirova

“Ailədə münaqişələrin baş verməsi cütlüklərin keçmişdə yaşadığı psixi pozuntuların yaratdığı mühitdir. Fərdlərin bir-birinə münasibətində hər zaman travmalar özünü göstərir”. 

Sabahinfo.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixiatr Leyla Bəşirova açıqlayıb. 

Onun sözlərinə görə, travmalar ailədə valideynlərin özlərinə və övladlarına qarşı daha aqressiv davranış nümayişini yaradır və bu zaman ailədə sağlam mühit formalaşa bilməz:

“Keçmiş travmaları olan insanlar şəxsi həyatlarında və əmək fəaliyyətlərində mənfi emosiyalarını ifadə edirlər. Travma sonrası insanlarda depressiya, təşviş, narahatlıq və digər psixi pozuntular, daha ağır psixi xəstəliklər müşahidə edilə bilər. Sağlam ailə mühitində böyüyən uşaqlar gələcəkdə şəxsi münasibətlərində sağlam olurlar. Ailə sağlam düşüncədə olmayanda uşaqlar travma alırlar. Fərdi travmalar ailə travmalarının yaranmasına səbəb olur. Travmaları olan insanlar psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidirlər. Fərdi travmaları olan insanlar ailə münasibətlərini də tənzimləyə bilmirlər. Keçmişində evdə şiddət görən uşaqlar böyüyəndə bəzən başqaların da şiddət göstərirlər. Ailədə və şəxsi münasibətlərdə sağlam münasibətlər olmalıdır. Sağlam düşüncə sağlam ailənin təməlidir”.

Psixiatr qeyd edib ki, evlilik öncəsi psixoloji uyğunluğun dəyərləndirilməsi tövsiyə olunur:

“Cütlüklər evliliyə daha sağlam hazırlaşmalıdırlar. Psixiatrik müayinə və müalicə aparılaraq evlilikdə travmaların yaradacağı hallara qarşı qabaqlayıcı addımlar atılmalıdır. Ailələrdə hansısa psixi problemlər yarandığı halda ailə psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidir. Cütlük terapiyası aparılaraq ailənin sağlam və davamlı münasibəti tənzimlənir. Ailədə bir-birinə qarşı empatiya qurulsa, münasibətlər sağlam formalaşar. Ailə qurulan zaman cütlüklər öz keçmişlərini yeni həyata aparmamalıdırlar. Keçmiş gələcək üçün əhəmiyyətli deyil. Valideynlərin bir-birinə qarşılıqlı anlayışı uşaqların da özlərinə və başqalarına qarşı anlayışlı olmağına dəstək olur”.