"Hazırda quşçuluq fabrikləri arasında qeyri – sağlam rəqabət amilləri görünür”. Bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, quşçuluqla bağlı fəaliyyət göstərən müəssisələr araşdırma aparmaq üçün şəffaf mühit yaratmalıdırlar. Çünki bəzi informasiyalar cəmiyyətdə mənfi rəylər formalaşdırır: "Quşçuluq fabriklərinin özləri şəffaf mühit yaratmayıblar ki, insanlar buradan normal informasiya ala bilsinlər. Məsələn, istehlakçı hüquqlarının müdafiəçisi olaraq mən bir dəfə də olsun dəvət olunmamışam ki, quşçuluq fabriklərindəki vəziyyəti öz gözümlə görə bilim. Dünyada geniş səviyyədə işlər aparılır. Bunu quşçuluq fabriklərinə də tətbiq etmək istəyirik. Təhlükəsiz qida istehsal edildiyini sübut etmək üçün beynəlxalq standartların tətbiq edilməsinə maraq göstərilmir. Burada qeyri – sağlam rəqabət amili də var. Quşçuluq fabriklərinin qeyri – şəffaf fəaliyyət göstərməsi amili də var. Digər tərəfdən istehlakçılara düzgün olmayan informasiyanın verilməsi amili də istisna olunmur. Quşçuluq fabrikləri özlərini qapalı müəssisə elan ediblər. Azərbaycanda da əlbəttə ki, mümkün olan bütün üsullardan istifadə olunur”.
Eyyub Hüseynov bildirdi ki, broylerlə bağlı olaraq hər gün onlara müraciət olunur. Azərbaycan xalqı yerli məhsulları istifadəyə daha çox üstünlük verməlidirlər. Çünki yerli məhsullarda daha az kimyəvi qatqılar olur: "Hər gün bununla bağlı olaraq Azad İstehlakçılar Birliyinə fabriklərin fəaliyyəti ilə bağlı zənglər olunur. Gərək quşçuluq fabrikləri bununla bağlı olaraq öz qapılarını sərbəst araşdırmalara açsınlar. Bütün bunlara baxmayaraq, Azərbaycanda istehsal olunan quşçuluq məhsulları ekoloji olaraq təmiz, kimyadan azad və sağlamdırlar. İstehlakçılar da yerli məhsullara və broyler fabriklərinin məhsullarına üstünlük verməlidirlər. Çünki onlar ekoloji cəhətdən təmizdir. Kimyəvi maddələr daha az qarışdırılır”.