Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan mühüm rol oynayıb

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının danılmaz töhfəsi olmuşdu. Böyük Vətən müharibəsinin başlandığı ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrilmişdi. O dövrdə minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı. Bütövlükdə, Azərbaycanın 600 min oğul və qızı şanlı döyüş yolu keçərək, qəhrəmanlıq salnamələri yaratmışlar.  

Qələbə Azərbaycan xalqına heç də asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 121 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin,Ziya Bünyadovun, Rəşid Məcidovun Gəray Əsədovun, Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçilər Züleyxa Seyidməmmədovanın, Leyla Məmmədbəyovanın, Sona Nuriyevanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür.  

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışırdı. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. Respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu. 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı. Bakının nefti Böyük Qələbəyə əvəzsiz töhfə idi. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür.Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Görkəmli akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsində etdiyi ixtiralar isə, ümumilikdə, sovet Azərbaycanının o dövrdə qələbəsi idi. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Azərbaycanlılar Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. Buna görə də İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi qəhrəmanlıqları, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

 “Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik. Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını layiqincə davam etdirir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. 

Məlum olduğu kimi, hər il Qələbə günü münasibətilə müharibə veteranlarına birdəfəlik maddi yardımlar verilir və ildən-ilə həmin məbləğ artırılır. Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır. “Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında” 2020-ci il 1 may tarixli Sərəncam bu təbəqədən olan vətəndaşlara dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti göstəricisidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və Ulu Öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.

 Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə daha bir faşizmə - erməni faşizminə son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi və hərbi müdrikliyi, rəşadətli, qəhrəman ordumuzun igidliyi, öz prezidentinin, Ali Baş Komandanın ətrafında sıx birləşən, ordusunun yanında olan xalqımızın cəsarəti nəticəsində 30 ilə yaxın davam edən erməni faşizmi məhv edildi. Bu gün də Azərbaycan regionda və dünyada sülh və təhlükəsizliyin təmin olunması üçün öz layiqli töhfəsini verir.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova