Sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa istintaqa ifadə verib.
Sabahinfo.az xəbər verir ki, bu barədə millət vəkilinin özü məlumat verib.
Ona qarşı törədilən terrorla bağlı hələlik heç bir yeniliyin olmadığını dilə gətirən F.Mustafa istintaqın gedişini gözlədiyini deyib:
“Bu barədə bilgim yoxdur. Hələlik mənə heç bir açıqlama verilməyib. Zərərçəkmiş şəxs kimi mənim ifadəmi alıblar. Qalan məsələlərlə bağlı məlumatım yoxdur. İstintaqı gözləyirəm”.
Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb. /Lent.az