Fəxrəddin Altun: “Ukrayna ilə razılaşmalar Rusiyaya qarşı yönəlməyib”

Türkiyə ilə Ukrayna arasında mövcud və gələcək razılaşmalar Rusiya Federasiyasına qarşı yönəlməyib və Moskva ilə Kiyev arasındakı böhranla bağlı deyil.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə “Bloomberg”ə müsahibəsində deyib.

“Rusiya ilə münasibətlərimiz təkcə S-400 zenit-raket komplekslərinin tədarükü ilə məhdudlaşmır, həmçinin, Ukrayna ilə münasibətlərimiz isə pilotsuz uçuş aparatlarının (Bayraktar) satışı ilə məhdudlaşmır. Türkiyə hər iki ölkə ilə bütün sahələrdə, xüsusilə iqtisadi və sosial sahələrdə mehriban qonşuluq münasibətlərini gücləndirir. Bu proses qarşıdakı dövrdə də davam edəcək”, - deyə Altun Ankaranın “Rusiyanın Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı narahatlığına” münasibəti ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.

“Biz başqa ölkəyə qarşı yönələcək razılaşmaları həyata keçirmirik. Bunu ən yaxşı bilən ölkələrdən biri də Rusiyadır. Ukrayna ilə bağladığımız və bundan sonra da bağlayacağımız müqavilələr birbaşa bu böhranla (Rusiya və Ukrayna arasında) bağlı deyil”.