Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib.
Bu barədə Sabahinfo.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur:
"Belə ki, ötən həftə Abşeron rayonunda çərşənbə mərasimi zamanı yaşayış binasının həyətində qalanan tonqaldan çıxan qığılcımın avtomobilin üzərinə düşməsi nəticəsində yanğın hadisəsi baş verib. Yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək digər avtomobillərə keçməsinə imkan verilməyib".
"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması xüsusilə təhlükəlidir," - məlumatda qeyd olunub.