«Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində şəffaflığın təmin edilməsini başlıca vəzifə kimi qarşıya qoyub. Neqativ halların qarşısının alınmasında dövlət başçısı birbaşa öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərinə səfərbər olmağa çağırıb. Bu, eyni zamanda, son addımlar bir daha ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir. Son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılır. Məqsəd isə Azərbaycanın iqtisadi potensialının qorunması və inkişafı üçün əlverişli şəraitin təmin edilməsi baxımından mövcud nöqsanların və neqativ meyillərin aradan qaldırılmasıdır. Buna görə də dövlət iqtisadi təhlükəsizliyimizə xələl gətirə biləcək halların qarşısının alınması üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni müəyyənləşdirib.»
Bu fikirləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev «İki sahil» qəzetinə açıqlamasında bildirib.
Fərəc Quliyev qeyd edib ki, bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi tərəqqinin milli modelini formalaşdırıb. Bütün sahələrin hərtərəfli inkişafı, ictimai-siyasi sabitliyin qorunması, mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların öz Prezidentinin ətrafında sıx birləşməsinə zəmin yaradıb. Dövlət başçısı vəzifəyə yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşdə, ilk növbədə, onlara öz gündəlik fəaliyyətini nümunə göstərir. «Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.» Dövlət başçısı, dəfələrlə məmurların diqqətinə çatdırıb ki, qarşılarında duran əsas vəzifə rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafına nail olmaqdır. Eyni zamanda, yeni kadrlar daim vətəndaşlarla ünsiyyət əsnasında rayonun problemlərini və insanları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlidirlər.
Partiya sədri vurğulayıb ki, mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan məmurlar da tapılır. Diqqətəlayiq haldır ki, göstərilən etimaddan sui-istifadə edən, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı ailələrin payına göz dikmək kimi mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, layiqli cəzalarını alırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən rayonların icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin, daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyin yüksək vəzifəli şəxslərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan qanunazidd əməllərinin qarşısı qətiyyətlə alınır. Bu da ölkəmizdə kimliyindən, statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunun əyani sübutu oldu.
Fərəc Quliyev xüsusi olaraq diqqətə çatdırıb ki, çirkin əməllər törədən bəzi məmurların cinayət məsuliyyətinə cəlb olunması belə özbaşınalıqlardan əziyyət çəkmiş insanlara ədalətin bərqərar olmasına dair ümid verməklə yanaşı, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasını bir daha nümayiş etdirir: "Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan demokratik, qanunun aliliyinin təmin edildiyi müasir hüquqi dövlətdir və burada xalq-iqtidar birliyi çox möhkəmdir. Məhz ümumbəşəri bəla olan korrupsiyaya qarşı mübarizədə də milli birlik nümayiş etdiriləcək və uğurlar əldə olunacaq.”