Zərurətdən doğan sərəncam

"Könüllülər ili” ölkəmizin iqtisadi-siyasi həyatında mühüm rol oynayacaq

Humanizmin beşiyi olan Azərbaycan cəmiyyətində könüllük institutu çoxdan formalaşıb, ölkəmizdə könüllülüyün qeyri-rəsmi yaşı çox qədimlərə gedib çıxır. Yardımsevərliyi həyat tərzinə çevirən Azərbaycan insanı könüllük prinsipini də özünün ayrılmaz parçasına çevirib. Könüllülük xalqımızın özəl və gözəl xüsusiyyəti kimi artıq yeni bir status qazanıb. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkəmizdə rəsmən bir sıra institutlar formalaşdırılmağa başlayıb. Dövlət gənclər siyasətinin əsas xəttlərindən birini təşkil edən könüllük hərəkatının daha yüksək səviyyədə təşkili bu istiqamətdə xüsusi dəyərə malikdir.

Azərbaycanda son illər daha geniş vüsət alan və şaxələnərək uğurla çeşidli sahələrə yayılan könüllülük instititutu minlərlə Azərbaycan gəncini əhatə edir. Bu gənclər sıradan gənclər deyil, onlar yüksək təhsil alan, müxtəlif dillər bilən, yüksək mədəniyyətə, davranışa malik olan könüllü gənclər beynəlxalq təcrübədən yararlanaraq ölkəmizin həyatında mühüm rol oynayırlar. Azərbaycanda özünü doğruldan və bütün dünyada təqdir edilən, beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilən Azərbaycan könüllüləri vətənpərvərliyin təbliğində, ölkəmizdə mövcud olan multikulturalizmin, tolerantlığın yayılmasında da mühüm rola malikdirlər. Könüllüyün əsas prinsiplərindən biri vətənpərvər olmaq, dövləti, dövlətçiyi sevməkdir.

Azərbaycanda Prezident İlham Əliyev tərəfindən respublikamızda gənclər siyasəti olduqca yüksək səviyyədə yürüdülür. Bu siyasət bilikli, bacarıqlı, intellektli, vətənpərvər Azərbaycan gənclərinin ən müxtəlif sferalarda təmsil olunmasına münbit şərait yaradıb. Könüllülər Azərbaycanı əcnəbilərə daha yaxından tanıtmaq sahəsində böyük təcrübəyə malikdirlər. Könüllük hərəkatına xüsusi dəyər və dəstək verən Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda "Könüllülər ili” elan edilib.

Bildiyimiz kimi müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Sonrakı dövrdə isə bu hərəkatın genişlənməsinə, inkişafına və güclənməsinə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ciddi önəm və dəstək verib. Prezident İlham Əliyevin 9 iyun 2009-cu il tarixli fərmanı ilə ilə "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qanunda Azərbaycan vətəndaşlarının istər yerli, istərsə də beynəlxalq platformalarda könüllü şəkildə fəaliyyətinin təmin olunması üçün müddəalar, fəaliyyət istiqamətləri, hüquq və vəzifələr öz əksini tapıb.

Müvafiq qanunun qəbulundan sonra bir çox mərkəzi icra orqanlarının nəzdində fəaliyyət göstərən könüllülər hərəkatları, İctimai Birliklər və könüllü proqramları təsis edilib. 2013-cü ildə isə "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.

2020-ci ilin "Könüllülər İli” elan edilməsinin böyük əhəmiyyəti var və bu könüllülər hərəkatının daha geniş şəkildə yayılmasına, güclənməsinə, eləcə də inkişafına böyük imkanlar açacaq.

Bildiyimiz kimi ölkəmizdə könüllülərin fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Bu gün elə bir sahə yoxdur ki, orada könüllüləri görmək. Bir sözlə, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edib və ümummilli hərəkat kimi özünü doğruldub. Gizlin deyil ki, bu gün könüllülük gənclərimizin həyat tərzinə çevrilib. Azərbaycanda könüllülər hərəkatının geniş intişar tapmasında və cəmiyyətdə daha çox oturuşmasında könüllərin "ASAN” Xidmət sahəsinə nüfuz etməsi, burada fəaliyyət göstərməsi, vətəndaşlarımıza dəstək, dayaq olması olub.

Bilirik ki, "ASAN” könüllülərlə yanaşı "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

Heç şübhəsiz ki, Azərbaycan könüllüləri ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə, ölkə xaricində və daxilində həyata keçirilən sosial, mədəni, ictimai-siyasi layihələrdə yaxından iştirak edir. Könüllülərimizin dünyanın digər ölkələrində fəaliyyət göstərən könüllülərindən heç də geridə qalmaması, əskinə bir qədər də irəli getməsi göz önündədir.

Prosesə qoşulanların kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşü onların iştirakı ilə həyata keçirilən bütün layihələrdə özünü göstərib. Azərbaycan könüllüləri ölkəmizin evsahibliyilə keçirilən Avroviziya Mahnı Müsabiqəsində, I Avropa Oyunlarında, "Formula 1” yarışlarında, IV İslam Həmrəyliyi Oyunlarında, həmçinin də digər irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Bildiyimiz kimi 5 dekabr Beynəlxalq Könüllülər Günüdür və Azərbaycanda da Beynəlxalq Könüllü Günü qeyd edilir. 2019-cu ildə Azərbaycanda könüllülər həftəsinin təşkil edilməsi nəticəsində ölkəmizin saysız könüllüləri iştirak edib. Bütün könüllüləri əhatə edən Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirdi.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi”ndə ölkə könüllüləri də fəal iştirak ediblər.

2020-ci ilin "Könüllülər ili” elan olunması tarixi könüllülük ənənələsinə verilən ən yüksək qiymət olduğunu deyən müşahidəçilər hesab edirlər ki, könüllü olmaq Vətənə, dövlətçiliyə, xalqa xidmət etmək, onun nüfuzunu qorumaqdır.

Könüllülük hərəkatından danışarkən beynəlxalq əlaqələrdən və beynəlxalq təcrübədən də danışmaq yerinə düşərdi. Qeyd edək ki, 1998-ci ildə Gənclər və idman nazirliyi və BMT birgə 650 gəncin iştirakı ilə ilk könüllülük proqramını gerçəkləşdirib. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.

Azərbaycanda təcrübəli könüllü bazasının formalaşdırılmasında, bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır.

2020-ci il "Könüllülər İli” çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan könüllüləri ilə bağlı yeni tədbirlər, layihələr gerçəkləşdiriləcək. 2020-ci ildə Azərbaycan könüllərinin həyatı üçün tamamilə yeni bir səhifə açılıb. Bu ilin "Könüllülər İli” élan edilməsi gəncləri vahid platforma ətrafında toplaşmasında, Azərbaycançılıq, dövlətçilik maraqları naminə birləşməsinə böyük bir töhfədir. Bu həm də dövlətin dövlət gənclər siyasətinə verdiyi töhfə, Azərbaycan gəncinə bəslədiyi böyük inam, ümid, göstərilən böyük etimaddır.

Dilarə Cəbrayılova

Millət vəkili