Azərbaycan-Ermənistan sərhədinin
Tovuz rayonu istiqamətində baş verən erməni təxribatı Azərbaycan ordusunun 4
hərbçisinin şəhid olması ilə nəticələnib. Ermənistanın məhz Tovuz istiqamətində
hücum etməsi diqqəti Qarabağdan yayındırmaq cəhdidir. Üstəlik bu təxribat
BMT-nin pandemiya dövründə atəşkəs çağırışı etdiyi bir vaxtda və Azərbaycan
prezidentinin təşəbbüsü ilə BMT Baş Assosiasiyasının iclasını çağırması ilə
əlaqədar müzakirələr başladığı dövrə təsadüf edir. Azərbaycan tərəfi Tovuz
provokasiyası ilə bağlı BMT-də məsələ qaldıra və bu zaman bir daha Ermənistanın
işğalçı hərəkəti ilə bağlı BMT qətnamələrini gündəmə gətirə bilər.
Bununla bağlı Sonxeber.az-a
açıqlamasında deputat Cavanşir Paşazadə bildirib. ki, ermənilər tarix boyu
Azərbaycan torpaqlarında Böyük Ermənistan dövləti qurmağa çalışıb: "Bu gün
bütün dünyanın başı koronavirusa qarışdığı bir zamanda belə Ermənistan dövləti
özünün işğalçı siyasətindən əl çəkmir. Nikol Paşinyan küçə adamı imicini heç
bir zaman dəyişməyib. O, hakimiyyəti güclə ələ keçirən zaman insanların sosial
rifahının yaxşılaşdıracağını və ölkədəki böhranı aradan qaldıracağı ilə bağlı
sözlər vermişdi. Lakin sözünün üstündə dura bilmədi. O, hakimiyyətə gələndən
sonra ölkədə vəziyyət daha da gərginləşdi. Məhz buna görə də Nikol Paşinyan
Ermənistan sakinlərinin fikrini cəbhəyə yönəltmək üçün müxtəlif güc şouları
göstərməyə çalışır. Amma hər dəfə biabırçı şəkildə məğlub olaraq çoxlu
itkilərlə geri çəkilməli olur. Ermənistanın dünən Tovuz istiqamətində törətdiyi
təxribatda Nikol Paşinyanın növbəti oyunu idi. Lakin bu oyunda Nikol Paşinyanın
növbəti dəfə biabırçı şəkildə məğlub olarq geri çəkilməsi onun ölkədəki
zəifləmiş nüfuzunu daha bir zərbə vurdu".
Deputat qeyd edib ki, 90-cı illərdən fərqli olaraq bu gün Azərbaycanın yüksək döyüş qabiliyyətinə məxsus güclü və qüdrətli ordusu var: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ordumuz hər zaman düşmənin hər bir təxribatına lazımı cavab verməyə hazırdır. Ordumuz iyulun 12-də Tovuz istiqamətində Ermənistan dövlətinin növbəti təxribatının qarşısını qətiyyətlə alaraq onu çoxlu itki verərək geri çəkilməyə məcbur etdi. Əminəm ki, dünənki döyüş ermənilərə 2016-ci ildəki Aprel döyüşlərində və 2018-ci ildə Günnüt əməliyyatındakı biabırçı məğlubiyyətlərini bir daha xatırlatdı. Bu gün Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək gücünə malikdir. Ermənilər unutmasınlar ki, Azərbaycan qəhrəmanlar ölkəsidir. Bizim Mübariz, Fərid, Gültəkin kimi vətənpərvər oğullarımız və qızlarımız var. Ordumuz 90-cı illərdəki kimi gücsüz və başsız deyil. Bu gün cənab prezident İlham Əliyev kimi mərd Ali Baş Komandanımız, cənab Zakir Həsənov kimi güclü Müdafiə nazirimiz var. Biz hər an torpaqlarımızı düşmən işğalından azad edə bilərik. Mən dünənki döyüşdə qəhərmancasına döyüşərək şəhid olan oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbir diləyirəm. Yaralılarımıza isə tezliklə şəfa tapmaqlarını arzulayıram".