"Hegemonluq nümayiş etdirməyə çalışan həmin məmurlar bilməlidirlər ki..."

Bu gün dünyada və eləcə də ölkəmizdə koronavirus pandemiyası ilə bağlı mübarizə davam etməkdədir. Azərbaycanda vəziyyət ciddi nəzarət altındadır. Dövlətimiz öz tədbirlərini vəziyyətə uyğun şəkildə icra edir. Bu pandemiya dövründə dövlətimiz üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsidir. İlkin mərhələdə bu virus Azərbaycana xaricdən gətirilmişdirsə, hazırda daxili yoluxma prosesi gedir. Bu yoluxmanın qarşısını almaq məqsədilə ölkəmizdə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunubdur. Son günlərdə virusa yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur. Əlbətdə bu sevindirici haldır və dövlətimizin koronavirusla  mübarizədə uğurlu siyasətinin təzahürüdür.  Yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah 10 avqust tarixində yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etdilər və bu qərardan bəzi dövlət məmurlarımız sui-istifadə edərək ölkəmizdə xüsusi karantin rejiminin tələblərini pozaraq, karantin rejiminə əməl edən vətəndaşlarımıza psixoliji təsir göstərir və  hegemonluq etməklə öz güclərini kimlərəsə sübut etməyə çalışırlar.  Deyəsən həmin "insanlar” Azərbaycanın hüquqi dövlət olduğunu tamamilə unudublar ya da özlərini dövlətimizin qanunundan üstün hesab edirlər.  Hegemonluq nümayiş etdirməyə çalışan həmin məmurlar bilməlidirlər ki, Azərbaycanda qanunun aliliyi təmin edilib, hər kəs qanun qarşısında bərabərdir və hər kəs öz hərəkətlərinə görə qanun qarşısında məsuliyyət daşıyır. Azərbaycanın ali qanunları sadə vətəndaşa da aiddir, ölkəmizin ən yüksək vəzifəli şəxslərinə də aiddir.  Bu gün ölkəmizdə xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif toy mərasimləri, əyləncə məclisləri təşkil edən məmurlarımız ölkəmizin qanunlarını ayaqlar altına ataraq heçə sayırlar, dövlətimizə, dövlət başçımıza sayğısızlıq nümayiş etdirirlər. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Dövlətimizin qanunlarına hörmətlə yanaşmayan "məmur” öz vəzifəsindən dərhal azad edilməli və ya onlar barəsində ciddi cəza tədbirləri görülməlidir. Əks təqdirdə həmin şəxs ölkəmizin vətəndaşlarına çox pis örnək olmaqda davam edir.  Koronavirus pandemiyası ilə mübarizə olduqca ciddi və ümummilli məsələdir. Kimsə şəxsi mənafeyi naminə, tutduğu vəzifəsinə görə insanların həyatını təhlükəyə ataraq onların sağlamlığına zərər gətirə bilməz.  Həmin şəxlərə cənab Prezidentimizin bir deyimini xatırlatmaq istərdim: "Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır.”

Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri.