AŞPA-da ermənilərin Tovuz təxribatı ilə bağlı məsələ müzakirə ediləcək

Ermənistanın Tovuz istiqamətində təxribatı məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iki komitəsində ciddi şəkildə müzakirə olunacaq.

Bununla bağlı Report-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

"Biz Ermənistanın iyul ayında Tovuz istiqamətində təxribatı ilə bağlı iyul ayından başlayaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına geniş məlumatlar göndərmişik”, - deyə S.Seyidov bildirib.

Onun sözlərinə görə, AŞPA-nın Monitorinq və Siyasi komitəsinin gündəliyində artıq bu məsələ var:

"Ermənistan tərəfindən davam etdirilən təxribatlar Azərbaycan tərəfinin ciddi reaksiyalarına səbəb olub. Bu reaksiyaların nəticəsi kimi biz qeyri-qanuni məskunlaşma ilə bağlı bütün beynəlxalq təşkilatlara o cümlədən, Avropa Şurasına müraciət etmişik. Hesab edirəm ki, bu məsələ də aktuallaşmalıdır”.