“Azərbaycanla heç kim güc yolu ilə danışa bilməz”

Ermənistan silahlı qüvvələri Gəncə şəhərindən sonra Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.Baş Prokurorluğun məlumatına görə, atılmış 3 raketdən 2-si partlamayıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Ermənilərin təcavüzü ilə bağlı məsələyə münasibət bildirən millət vəkili Madər Musayev deyir ki, Ermənistan bu hərəkətləri ilə bizi təxribata çəkmək istəyir. Onlar Ermənistan ərazisindən uzaq mənzilli raketlərdən istifadə edirlər. Cavab olaraq bizim də eyni addım atmağımızı istəyirlər. Ancaq Azərbaycanın hədəfi İrəvan deyil Dağlıq Qarabağdır!

Millət vəkili bildirir ki, mülki əhalinin hədəf götürülməsi beynəlxalq hüquqi zidddir. Artıq bununla bağlı beynəlxalq qurumlara müraciətlər olunub. Əgər beynəlxalq hüquq bu məsələyə ədalətli mövqe sərgiləməsə Azərbaycan Ordusu düşmənə yerini göstərəcək. Onları bir daha cəzalandıracaq: "Artıq Cəbrayıl rayonu işğaldan azad edilib. Ora Azərbaycan bayrağı sancılıb. İnşallah üçrəngli bayrağımız digər işğal altında olan torpaqlarda dalğalanacaq. Bu gün hər bir azərbaycanlının üəryi Dağlıq Qarabağda döyünür. Ordumuz şanlı tarix yazır. Cənab Prezident ötən gün xalqa müraciətində də bu məsələlərə toxundu. Bildirdi ki, Azərbaycan haqq yolundadır və bu yoldan onu heç kim döndərə bilməz”.
Fransa Prezdentinin bəyanatı ilə bağlı cəmiyyətdə yaranan narazılıqlara münasibət bildirən millət vəkili qeyd edib ki, Makronun belə bir bəyanat verməsi Fransanın ATƏT-in Minsq Qrupundakı fəaliyyətinə kölgə salmış oldu: "Onsuzda ATƏT-in Minsq Qrupu öz öhdəsinə düşən işi layiqincə görə bilmirdi. Hər dəfə regiona səfər edən həmsədrlər sonda bir bəyanat verməklə işlərini bitmiş hesab edirdilər. İndi isə artıq bıçaq sümüyə dirənib. Danışıqlar faktiki olaraq səmərə vermir. Bütün bunların günahkarı isə Ermənistanın hazırkı rəhbərliyidir. Belə olan halda Fransa Prezidentinin bəyanatı ikili standartlardan cavab verir. Bu bəyanatda erməni lobbisinin əli var. Yaxın vaxtlarda Fransada prezident seçkiləri keçiriləcək. Markon da seçkidə divident qazanmaq üçün belə bir bəyanatı vermək məcburiyyətində qalıb. Ancaq bir siyasətçi kimi o verdiyi bəyanatın ikili münasibətlərə təsirini nəzərə almayıb. Bu isə təəssüf doğurur. Eyni zamanda bundan sonra Azərbaycan və Fransa münasibətlərində yeni dönəmin başlanacağını deməyə zəmin verir”.