“Cənab Prezidentin sədrliyi ilə keçirilən iqtisadi müşavirə zamanın tələbi idi” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Nəsib Məhəməliyev SABAHİNFO.AZ saytına geniş müsahibə verib. Müsahibəsində bir sıra məqamlara toxunan deputat Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əhəmiyyətindən danışıb. Əməkdaşlıq Şurasının gələcəkdə daha mötəbər quruma çevriləcəyini istisna etməyib.

-Nəsib müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Müşavirədə əsas müzakirə mövzusu 2019-cu ilin doqquz ayı üzrə görülən işlər və 2020-ci ilin dövlət büdcəsi olub. Bir millət vəkili kimi 2019-cu ilin doqquz ayını siz necə dəyərləndirirsiniz? 

-Cənab Prezidentin sədrliyi ilə keçirilən iqtisadi müşavirədə cari ilin geridə qalan müddəti ərzində görülən işlər və qarşıdakı prioritet sahələr üzrə cəmiyyətimiz üçün maraqlı olan fikirlər səsləndi. Müşavirədə əsas diqqət çəkən məqam cənab prezidentin verdiyi önəmli mesajlar idi. Dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, ölkədə şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bir sıra dövlət qurumlarının dövlət büdcəsindən ayrılan vəsaitin düzgün xərcləməməsi ümumi görülən işlərə kölgə salır. Cənab Prezident haqlı olaraq bu məsələyə toxundu və qeyd etdi ki, təkcə Maliyyə və İqtisadiyyat Nazirliyi deyil hökumət də nəzarətçi kimi şişirdilmiş bütün rəqəmləri təhlil etməlidirlər və real rəqəmləri müəyyənləşdirməlidirlər. 2020-ci ilin dövlət büdcəsi barəsində danışan dövlət başçısı bildirdi ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır: "Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin”. Ümumilikdə 2019-cu ilin doqquz ayının bütün göstəricilərini nəzərə alsaq Azərbaycanın ictimai-siyasi həyatında çox çevik islahatlar ili kimi yadda qaldı. Ardıcıl olaraq bir neçə sosial paket cənab Prezident tərəfindən qəbul olundu. Şəhid ailələrinə 11 min manat qan pulunun verilməsi, minimum əmək haqqlarının 180 manatdan 250 manata qədər artırılması, pensiyalarda və digər dövlət qurumlarında çalışan işçilərin əmək haqqlarının artırılması, problemli kreditlərlə bağlı atılan addımları qeyd etmək olar. Bu addımların kökündə Azərbaycan vətəndaşı dayanır və 9 ayın yekunlarını müsbət qiymətləndirirəm.

-Minimum əmək haqqının artırılması zamanı müəyyən tərəddüdlər var idi ki, ölkə iqtisadiyyatında infilyasiya olacaq...

- Bir sıra müxalifyönlü iqtisadçılar əhalini təşvişə salırdılar ki, hökumət bu sosial paketlərin həlli üçün vəsait tapmayacaq, iqtisadiyyatda geriləmələr olacaq və infilyasiyanın həddi iki rəqəmli olacaq, hətta devalvasiya ilə bağlı müəyyən fikirlər var idi. Mən bununla bağlı KİV-ə geniş müsahibə vermişdim. Orada qeyd etmişdim ki, siyasi divident qazanmaq xatirinə qeyri-real proqnozlar vermək düzgün deyil. Artıq 10-cu ay yekunlaşmaq üzrədir. Azərbaycan iqtisadiyyatında proseslər normal davam edir. Hər hansı iqtisadi riskdən söhbət belə gedə bilməz. Hesab edirəm ki, bu 2019-cu ili biz daha müsbət nəticələrlə başa vuracayıq.

-2020-ci ilin Büdcə zərfindən söz düşmüşkən. Büdcə zərfində hər hansı sahəyə ayrılan vəsaitin artırılmasına nə kimi zərurət var və bu kimi sahələr hansılardır?

-Hələ büdcə zərfi Milli Məclisə daxil olmayıb. Büdcə zərfi Milli Məclisə daxil olandan sonra bu yöndə konkret fikirlər söyləmək olar. Ancaq ümumiyyətlə hesab edirəm ki, neft sektorundan asıllığı azaltmaq üçün maksimum dərəcədə iş aparmaq lazımdır. Yerlərdə iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, əlçatan bank resurslarına təminat təşkil olunmalıdır.

-Ötən günlərdə ölkə gündəmində daha ciddi məsələ yeni Baş nazirin təyinatı məsələsi idi. Siz bu təyinata necə baxırsınız?

-Əli müəllim biliyi, təcrübəsi, ixtisası və uzun müddət əvvəl ulu öndər Heydər Əliyevin vaxtında və bundan sonra Cənab prezidentin tabeçiliyində işləyən bir şəxs kimi kifayət qədər yetişmiş bir adamdır. Mən deyərdim ki, uğurlu bir namizəddir. Nazirlər Kabinetinin rəhbəri həm iqtisadiyyatı, həm sosial sferanı ümumiyyətlə cəmiyyətin bütün sahələrini əhatə edən strukturların işini bilməlidir və ən əsası isə bu strukturların koordinasiyasını təşkil etməyi bacarmalıdır. Əli müəllim uzun illər prezidentin köməkçisi vəzifəsində bu işlərlə bilavasitə məşğul olub. Hesab edirəm ki, bu təyinat uğurlu bir başlanğıc olacaq. Müsbət nəticələrini görəcəyik.

-Bakıda növbəti mötəbər tədbir baş tutdu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü ilə bağlı sizin fikirləriniz maraqlıdır.

-Tarixi baxımdan olduqca əhəmiyyətli bir sammit oldu. İlk növbədə uzun illər fasilədən sonra Özbəkistanın bura cəlb olunması, Türkmənistanın müraciət etməsi, Macarıstan kimi dövlətin daha yaxından iştirak etməsi, Türkdilli ölkələrin sammitini daha da güclü edəcək. İndiyə qədər də bir neçə sammit keçirilib. Ancaq ölkələr arasında müəyyən fikir ayrılıqları, bəzən real vəziyyəti düzgün qiymətləndirməmək kimi hallar olurdu. Bəzi hallarda bizi narahat edən Dağlıq Qarabağ problemi ilə bağlı çox cürətli bəyanat ortaya qoymaq istəməyənlər də var idi. Ancaq Bakıdakı sammit daha çox diqqəti cəlb etdi ki, Soçidə Valday Diskusiya Klubunda, ondan sonra MDB ölkələrinin Aşqabbadda keçirilən sammitində Azərbaycan Prezidentinin möhtəşəm çıxışları digər ölkə rəhbərlərinə cəsarət verdi və Bakıda biz bunun şahidi olduq. Mən Bakı sammitini yaxından izləyirdim. Sammitə ələlxüsus yeni qoşulan Özbəkistanın prezidenti Şövkət Mirzəyaevin cənab prezidentlə görüşü zamanı düşmənlərimizə qarşı münasibətləri, iki tərəfli əlaqələrlə bağlı səsləndirdiyi fikirlər məni çox sevindirdi. Eyni zamanda Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin Sammitin fəxri prezidenti seçilməsi, ona ali ordenin təqdim olunması çox yerində atılan addım idi və hesab edirəm ki, bu hər bir azərbaycanlının qəlbinin səsi idi. Ona görə, baxmayaraq ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya, Gömrük İttifaqında iştirak edir, ancaq Nazarbayev o təşkilatlarda Azərbaycanın hər zaman mövqeyini müdafiə edib. Daim dəstəkləyib. Lazım olanda Ermənistanı aşağılamaqdan belə çəkinməyib. Başqa ən əhəmiyyətli cəhət yekun qərarda Türkiyənin, Suriyanın Şimalında apardığı "Barış pınarı” əməliyyatlarını dəstəklənməsi ilə bağlıdır. Bu məsələ qərarda xüsusi bənd kimi qeyd olunmuşdur. Gələcəkdə biz bu sammitin daha güclü formatda olmasının şahidi olacağıq. Artıq Cənubi Koreya da bu təşkilata maraq göstərir

-Nəsib müəllim "Dağlıq Qarabağ Azərbaycanındır və !” devizi sizə nəyi ifadə edir?

-Ermənistanın küçə və meydanlardan gəlmiş, "demokrat” baş naziri Dağlıq Qarabağda bir neçə separatçının ətrafında "Dağlıq Qarabağ Ermənistandır nöqtə” sözünü işlətmişdi. Bu fikir Ermənistanın daxilində, eyni zamanda Dağlıq Qarabağda çox ziddiyətli bir şərait yaratmışdı. Buna bir cavab olmalı idi. Mən cənab Prezident İlham Əliyevin səbrinə, soyuqqanlılığına və müdrikliyinə bir daha inandım. O, buna cavabı Bakıda hər hansı tədbirdə və ya KİV-lər vasitəsi ilə deyə bilərdi. Ancaq Soçidə, 80-a yaxın dövlətin və hökumət başçılarının, dünyanın düşünən beyin mərkəzlərinin, politoloqların, jurnalistlərin, akademik dairələrin təmsil olunduğu və eyni zamanda erməni diasporunun kifayət qədər effektiv fəaliyyət göstərdiyi bir yerdə cənab prezident Paşinyana cavab verdi. Bu cavab olduqca tutarlı cavabdır. Soçidən sonra Aşkabbada, daha sonra Bakıda keçirilən Sammitdə cənab Prezidentin çıxışları dolayısı ilə öz təsirini göstərdi, digər liderlərə cəsarət verdi və hesab edirəm ki bu davamlı olacaqdır.

-ABŞ-ın səyi nəticəsində Türkiyənin başlatdığı "Barış pınarı” əməliyyatlarında atəşkəş razılaşması əldə olunub. Bu Türkiyənin öz mövqeyindən geri çəkilməsi anlamına gəlmir ki?

Mən ABŞ ilə Türkiyə arasında əldə olunmuş razılaşmanı müsbət addım kimi qiymətləndirirəm. Hərəkat 5 gün müddətinə təxirə salınır, YPG qüvvələri ərazini tərk edirlər. Sazişə əməl olunandan sonra iki ölkə arasında yaranmış gərginliklər də aradan qalxacaq. Buna Türkiyənin qətiyyən geri çəkilməsi kimi baxmaq olmaz. Əksinə Türkiyə döyüş meydanlarında əldə etdiyi nailiyyətləri siyasi müstəviyə keçirməyi bacardı.

Burada yeni açılmış bir nüans da var. Bildiyimiz kimi ABŞ öz qoşunlarını çəkdikdən sonra Rusiyanın dəstəyi və terror qrupları ilə razılaşan Əsəd qüvvələri Mənbiçə daxil olmuşlar. Mənbiç və Kobani olmadan Türkiyənin hədəfi olduğu təhlükəsizlik koridorunu yaratmaq mümkün olmayacaq.

Bu maneəni də aradan qaldırmaq üçün Ərdoğan-Putin görüşünün çox böyük əhəmiyyəti vardır. Görüş müsbət nəticələnərsə regionda sabitliyin əsası və Türkiyədə özlərinə sığınacaq tapmış 4 milyona yaxın qaçqının heç olmasa yarısını ora yerləşdirmək olar.

-Türkiyə bu gedişləri ilə nəticəyə çata biləcəkmi?

-Heç kim zəmanət verə bilməz ki, bu əməliyyatlar gələcəkdə lokal vəziyyətdən çıxıb daha geniş arenanı əhatə etməyəcək. Bir çox qəbul olunan qərarlar kağız üzərində qalır. Ən güclü ölkələrin rəhbərləri belə mövqelərində stabil deyil. Liderlər deyilən sözün məsuliyyətini qorumalıdır. Əks hallarda beynəlxalq hüquq normaları, ən sonra isə dünyanın nizamı pozulacaq ki, bu da gələcəkdə daha ciddi fəsadlarla qarşılaşmağımıza gətirib çıxaracaq.

-Facebook sosial şəbəkəsində aktivsiniz. Maraqlıdır bu sosial şəbəkədə zamanınızı necə keçirə bilirsiniz?

-Hər bir deputatın, məmurun, siyasətçinin sosial şəbəkədə olması zamanın tələbidir. Bir neçə il bundan öncə hesab açmışdım. Sadəcə olaraq işlərin çoxluğu mənə bu sosial şəbəkədə aktiv olmağa imkan vermirdi. İndiki halda isə facebookda aktiv olmaq bizim işimizin tərkib hissəsidir. Birinci növbədə seçicilərimizlə ünsiyyət qururuq. Bundan əlavə gündəmdə olan mövzularla bağlı yazdığımız statusları paylaşırıq ki, bu da nəinki seçicilərimizin hər bir vətəndaşımızın, hətta xaricdə yaşayan soydaşlarımızın marağına səbəb olur. İndi İKT əsridir. Hər bir məmur sosial şəbəkəyə açıq olmalı, vətəndaş hansısa məmurun qapısının önündə saatlarla növbə gözləməməlidir. Evində oturub istənilən dövlət qurumuna müraciət etmək və bu müraciətə görə cavab almaq imkanı olmalıdır. Mənə bəzi hallarda deyirlər ki, niyə bütün izləyicilərinizə, statusa şərh yazanlara bir-bir cavab verirsən? Bilirsiniz. Bu mənim vətəndaş mövqeyimdir. Hətta mənə başqa ölkələrdən müraciətlər olur. Mənim bir başa vəzifə borcumdur ki, o insanlara doğrunu-düzgünü göstərim, istiqamət verim.

-Dostları özünüz seçirsiniz?

-Müraciətlər çox olur. Bir çox xarici ölkələrdən də dostluq təklifləri gəlir. Müəyyən istisnalarla onları qəbul etmirəm. Dostlarım adətən seçildiyim dairədən və Azərbaycanın bütün bölgələrindən olan insanlardır. Müxtəlif xarakterli, uğurlu, uğursuz çox saylı insanlarla ünsiyyətdə olursan və cəmiyyətin sosial sifarişlərini öyrənmək baxımından əhəmiyyətlidir.

-Nəsib müəllim kütləvi informasiya vasitələrinə müsahibələr verirsiniz. Ancaq hobbiniz barəsində heç danışmamısınız. Maraqlıdır sizin hobbiniz nədir?

-Hobbim idman, rəsm çəkmək, üzgüçülük, qışda vaxt olanda dağ xizəyi sürməyi xoşlayıram, qolf da oynayıram. Əvvəllər ova gedirdim. Ova gedərkən əsas şərt nəsə vurmaq deyil. Mənim üçün heyvana güllə atmaq yox, proses özü maraqlıdır.

-Tüfənginiz var?

-Bəli var.

-Azərbaycan yığma komandası davamlı olaraq bizə məğlubiyyət acısını yaşadır. Futbolumuzla bağlı nə deyə bilərsiniz?

-Azərbaycanda futbol bazası var. Sadəcə bu yöndə kompleks iş aparılmalıdır. Mən Qarabağ Futbol Komandasının oyunlarına baxıram. Düşünürəm ki, bu komanda Qarabağı dünyaya tanıtmaq yönündə daha çox iş görür. Siyasətçilər tribunalardan, onlar isə meydanda bu işi görürlər. Ancaq təəssüflər olsun ki, milli komandamızda vəziyyət ürək açan səviyyədə deyil. Adətən nəticəyə hesablanmış iş görüldüyü üçün davamlı olaraq məğlub oluruq. Əgər istəyiriksə milli komandamız və ümumilikdə Azərbaycan futbolu inkişaf etsin o zaman Respublikanın hər rayonunda, hər kəndində uşaq futbolu inkişaf etdirilməlidir. Bütün yaş qurupları üzrə futbol komandaları olmalı və müntəzəm olaraq ələlxüsus tətillər zamanı yarışlar keçirilməlidir. Gözləmək lazım deyil ki, qısa zamanda nəticə olacaq. Bu nəticə zaman keçdikcə özü formalaşacaq. Baxın bugün bir sıra Afrika ölkələri var ki, orada aclıq-səfalət hökm sürür. Dəyəri milyonlarla ölçülən ancaq futbolçular satırlar. Artıq futbol idman növündən çıxıb. Futbol iqtisadiyyatdır, siyasətdir, idmandır, mədəniyyətdir. Futbolu inkişaf etdirməliyik.

Ədil Ədilzadə