Malik Həsənov: İdarəetmə sistemində dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə davamlı inkişafın əsasıdır

«Möhtərəm Prezidentimiz İlham Əliyev istər koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə, istərsə də Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulda hazırkı dövrdə günümüzün əsas çağırışlarına diqqət yönəldərək insanların sağlamlığının, sosial vəziyyətinin və iqtisadi dayanıqlılığın təmin olunmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırmışdır. «Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq» söyləyən ölkə Prezidenti bildirmişdir ki, biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin.» Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrindən biri olan sahibkarlığın inkişafına dövlət dəstəyi davamlılığı ilə diqqət çəkir. Həyata keçirilən Tədbirlər planının mühüm istiqamətlərindən biri özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsidir ki, cari ildə 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Sosial müdafiə tədbirləri gücləndirilir. Regionlarda məşğulluğun artırılması üçün ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında da kənd təsərrüfatının inkişafı prioritet sahə kimi önə çəkilir. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsinə xidmət edən ABAD mərkəzlərinin coğrafiyası genişləndirilir. Azərbaycan dünyaya səs salan «ASAN xidmət», ABAD, DOST layihələri ilə bir daha innovasiyalar ölkəsi olduğunu təsdiqləyir. Bu yeniliklər isə öz növbəsində idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun artırılmasına geniş imkanlar açır.

«Dövlətimizin başçısı İlham Əliyev qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün daim idarəetmə sahəsində təkmilləşməni vacib amillərdən biri kimi qarşıya qoyur” söyləyən deputat bu məqamı da xüsusi vurğulayıb ki, 2019-cu ilin ilk ayından idarəetmədə həyata keçirilən yeniliklər cari ildə də davamlılığı ilə diqqət çəkir, biri-birindən önəmli uğurları şərtləndirir: "Məlumdur ki, 2016-cı ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılması olmuşdur. 2017-ci ilin fevralında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkəmizin davamlı inkişafının təmin edilməsi yolunda ən mühüm hadisə oldu. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın ölkəmizin davamlı iqtisadi inkişafı fonunda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər göz önündədir. Təkcə hazırkı pandemiya dövründə Mehriban xanım Əliyevanın möhtərəm Prezidentimiz İlham Əliyevlə birgə həyata keçirdikləri tədbirlər, hər bir vətəndaşın yanında olaraq onların qayğıları ilə maraqlanaraq həlli istiqamətində atdıqları addımlara diqqət yetirmək kifayətdir. Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə fonunda Azərbaycanın pandemiya ilə mübarizə sahəsində ortaya qoyduğu təcrübə də beynəlxalq birlik tərəfindən təqdir edilir, əksər ölkələr Azərbaycanın bu modelindən bəhrələnərək yaranmış çətin vəziyyətdən az itki ilə çıxmaq üçün səylər göstərirlər. Azərbaycanın həyata keçirdiyi gəncləşmə siyasəti, uğurlu kadr islahatları qarşıya qoyulan hədəflərin nəzərdə tutulduğu zamanda gerçəkləşməsinə geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyev yeni təyinatları qəbul edərkən "kadr siyasətində gərək düzgün addımlar atılsın” söyləyərək bu məqamı xüsusi diqqətə çatdırmışdır ki, ilk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Bu insanların peşəkarlığı yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır: Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük.”
Millət vəkili qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı əsasında Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi mühüm addım, növbəti yenilikdir. Fərmanda da bildirilir ki, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür.

«Azərbaycanın imza atdığı hər bir layihə qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə hesablanır» bildirən millət vəkili vurğulayıb ki, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə innovasiyalar və rəqəmsallaşma daha geniş şəkildə tətbiq və təşviq ediləcək.