Nəzakət Həsənova: "Operativ Qərargahın qərarlarına hamı hörmətlə yanaşmalıdır"

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tuan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üsten ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaqdır. Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim  şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar.

Nəzakət Həsənova 
Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək İctimai Birliyinin sədri