Tarix təkrar olunur deyirlər. Adətən orta məktəblərdə tarix fənnini tədris edən müəllimlərin bəlkə də ən çox istifadə etdiyi sözdür bu söz. Azərbaycan tarixində də Zəfərlər, Qələbələr çox olub. Tarixin şanlı səhifəsini vərəqləyərkən bu qələbələrin, zəfərlərin min bir əzab-əziyyətlə ərsəyə gəldiyinin şahidi oluruq. Uzun illərdir ki, biz bu sevincə həsrət qalmışdıq. Ancaq 2020-ci ilin sentyabrında erməni təcavüzkarları tərəfindən başladılan əks-hücum əməliyyatları elə ilk gündən bizi qələbəyə köklədi. Artıq həm daxili və xarici siyasət, həm də iqtisadi gücümüz və digər potensiallar Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etməyə və tarixinin ən şərəfli səhifəsini yazmağa imkan verirdi. Döyüş tapşırığı alan əsgərlərimiz cəbhə bölgəsinə yola düşən andan vətəndaş cəmiyyətinin hər bir üzvü bir oldu. Hər kəs müharibə dövründə öz öhdəsinə nə düşürsə onu layiqincə yerinə yetirməyə başladı. Hər şeydən əvvəl milli güc, milli birlik görünürdü. Vətənpərvərlik hissinin nə qədər yüksək olduğu, Azərbaycan xalqının Qələbəyə nə qədər susadığı məhz elə sentyabr ayının 27-dən özünü göstərməyə başladı.
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi xəttində ən ümdə məsələlərdən biri də ordu
quruculuğu, nizami ordunun yaradılmasıdır. Müasir silahlarla silahlanma və şəxsi
heyyətin döyüş qabiliyyətinin artırılması istiqamətində atdığı addımlar nəticəsində
Azərbaycan Ordusu dünyanın ən güclü Orduları sırasındadır. Bu və bu kimi amillər
düşmənin başını əzməyə, işğal altında olan torpaqlarımızı azad etməyə bizə güc
verdi. Əməliyyatlar başlanan andan
düzgün müəyyən olunmuş taktika, döyüş idarəetməsi və informasiya savaşında
vahid mövqedən çıxış etmə kənd və qəsəbələrimizin addım-addım işğaldan azad
olması ilə nəticələndi. Ordumuzun müasir silah və texnikası, şəxsi heyətin
döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması işğal
altında olan bütün ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasına gətirib
çıxardı.
Müharibədə
iki cəbhə var. Ön və arxa cəbhə. Qələbənin qazanılmasında isə bu iki cəbhənin vəhdəd
təşkil etməsi əsas şərtlərdəndir. Müharibə başlanan andan yaşından, mövqeyindən,
kimliyindən asılı olmayaraq biz bu iki cəbhənin birliyinin şahidi olduq. Arxa cəbhədə
həyata keçirilən işlər əsgər və zabitlərimizin döyüş əzmini daha da artırdı. Azərbaycan
Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan
xalqının birliyi qarşısında düşmən diz çökməyə məcbur oldu. İndi sevincimizin həddi-hüdudu
yoxdur. Bütün dünya Azərbaycandan danışır. Azərbaycanın Qələbə sevincini, Azərbaycan
Ordusunun uğurunu Qələbəsini bilir və müzakirə edir. Bu zəfərin memarı İlham
Əliyev və Şanlı Ordumuzdur. Qazanılan Qələbə ilə şəhidlərimizin qanı yerdə
qalmadı. İşğal damğası üstümüzdən götürüldü. Artıq biz şagirdlərimizə işğal
altında olan torpaqlarımızdan yox. Azərbaycanın dilbər güşələrində, Qafqazın mədəniyyət
ocağı sayılan Şuşamızda həyata keçirəcəyimiz işlər barəsində məlumat verəcəyik.
Bundan böyük qürur, bundan böyük xoşbəxtlik ola bilərmi?
İnsan
həyatında unudulmaz anlar, xoş günlər olur. Ancaq inanın daddığımız Qələbə
sevinci qədər əziz, bu hiss qədər insana qürur verən an yoxdur. Cənab
Prezident, Ümummilli Lider Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi
doğacaq” fikri sizin rəhbərliyinizlə reallaşır. Bəli siz yeni bir tarix
yazırsınız. Bu tarixi yazan sərkərdə kimi biz sizinlə qürur duyuruq. Azərbaycan
xalqı xoşbəxt xalqdır ki, onun sizin kimi Prezidenti var.
Dilarə Cəbrayılova
Bakı şəhəri, 295 saylı tam orta məktəbin
direktoru