Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilib.Tədbir ana dilimizin zənginliyinə və milli-mənəvi dəyərlərimizə həsr olunmuşdur.Tədbirin aparıcıları Elton Əliyev,Lətifə Əhmədzadə tədbiri açıq elan edərək qonaqları və iştirakçıları salamlayıb.Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev,Jurnalistlər Federasiyasının üzvü,politoloq İnqilab Şirinbəyli və Qarabağ qazisi Pərviz Məmmədov çıxış edərək,ana dilinin xalqın milli kimliyində,dövlətçiliyində və mənəvi irsinin qorunmasında mühüm rolundan bəhs etmişlər.Çıxışlarda vurğulanmışdır ki, ana dili hər bir xalqın varlığında əsas sütun, milli yaddaşın daşıyıcısıdır və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur.Bədii hissədə gənclər tərəfindən milli rəqslər təqdim edilib, mahnılar və ana dilinə həsr olunmuş şeirlər səsləndirilmişdir.Eyni zamanda Azərbaycan ədəbiyyatının musiqili səhnə sənətinin inciləri olan "Arşın mal alan" və" O olmasın bu olsun" əsərlərindən səhnəciklər təqdim olunub.Görkəmli satirik Mirzə Ələkbər Sabirin "Oxutmuram əl çəkin" şeiri gənclər tərəfindən səhnələşdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Səhnə nümunələri ana dilimizin ifadə imkanlarını, zəngin üslub və bədii çalarlarını bir daha nümayiş etdirmişdir.Sonda tədbirin təşkilatçıları Elşən İsmayılzadə və Ləman Bəylərova çıxışlarında iştirakçılara təşəkkürlərini bildirmiş,belə tədbirlərin gənclərin milli ruhda formalaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.Həmçinin Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin rəhbəri Eşqin Məmmədov adından bütün qonaqlara və tədbir iştirakçılarına minnətdarlıq ifadə olunmuşdur.
Müəllif:Ləman Bəylərova