Razi Nurullayev İmişlidə izdihamlı görüş keçirdi: “Hər zaman xalqın sözünü demişəm və deyəcəyəm” - FOTOLAR

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçkiqabağı təşviqat kampaniyası davam edir.

Cebhe.infoxəbər verir ki, fevralın 5-də R.Nurullayev İmişli Olimpiya İdman Kompleksində seçicilərlə görüş keçirib.

Görüşü namizədin səlahiyyətli nümayəndəsi Ehtiram Mehtiyev açıb və Razi Nurullayev haqqında görüş iştirakçılarına məlumat verib.

Sonra söz Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Hüseynoğluya verilib. Sərvaz Hüseynoğlu çıxışında bütün İmişli sakinlərini Razi Nurullayevə səs verməyə çağırıb:

"Hər zaman istəmişəm ki, bizim rayonumuzu da öz həmkəndlimiz olan şəxs Milli Məclisdə təmsil etsin. Mən Razi Nurullayevin simasında məhz sizin yanınızda olan, sizin sözünüzü deyən, sizin haqqınızı qoruyan insan görürəm. Hamınızı Razi Nurullayevə səs verməyə çağırıram”.


"O, xalqa güvənərək yola çıxıb”

Çıxış üçün söz alan İmişi ağsaqqalı, seyid Mirdamət Sarıyev də hər kəsi Razi Nurullayevə dəstək olmağa çağırıb:

"Razi Nurullayev indiyə qədər yığdığı savadı, bilik və bacarıqlarını ortaya qoymaq üçün sizə güvənərək İmişlidən deputatlığa namizəd olub. Bu yolda Razi Nurullayevə uğur arzu edirəm. İnanıram ki, Razi Nurullayev sizlərin və bizlərin səsi ilə qalib gələcək. Artıq seçkiyə sayılı günlər qalıb. İnanıram ki, bu qısa müddətdən sonra Razi Nurullayevi Milli Məclisdə görəcəyik. Çünki o, bizə güvənib və biz də onu dəstəkləyəcəyik”.

Daha sonra seçicilərdən Coşqun Əsgərov çıxış edib və Razi Nurullayevin deputatlıq müddətində bütün İmişli sakinlərinin yanında olacağına inandığını deyib.

Çıxış üçün söz verilən İmişli rayon ziyalısı Famil İmanov Razi Nurullayevə dəstəyini ifadə edib, İmişli camaatını da ona dəstək olmağa çağırıb.

"Razi Nurullayev xalqın və haqqın yanında olacaq”


Daha sonra "Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri, Mətbuat Şurasının üzvü Rəfail Becanov çıxış edərək Razi Nurullayevə dəstəyini ifadə edib:

"Mən burada media nümayəndəsi kimi yox, Razi Nurullayevin vəkili kimi çıxış edirəm. İnanıram ki, 9 fevraldan sonra Razi Nurullayev sizin vəkiliniz kimi çıxış edəcək. Siz ona səs verəcəksiniz və o, sizin Milli Məclisdə təmsilçiniz olacaq. Hər zaman demişəm və düşünürəm ki, siyasətçi üçün ən böyük silahlardan biri onun cəsarətidir. Əgər bir siyasətçi cəsarətlidirsə, o, hər zaman haqqın, xalqın yanında olacaq. İnanıram ki, Razi Nurullayev o siyasətçilərdən olacaq və indiyə qədər mən onu elə tanımışam. İnsan üçün ən böyük keyfiyyət əxlaqdır. Mən 1991-ci ildən tanıdığım Razi Nurullayev hər zaman ədalətli və əxlaqlı siyasətçi, ictimai xadim olub. İnanıram ki, siz də əxlaqlı, cəsarətli, ədalətli Razi Nurullayevə səs verəcəksiniz”.

"Mən mübarizəmi mənəvi dəyərlər üzərində qurmuşam”


Sonda çıxış üçün söz deputatlığa namizəd Razi Nurullayevə verilib. R.Nurullayev görüş iştirakçılarını salamlayıb və onlara təşəkkürünü bildirib:

"Mən sizin qarşınızda məhsuliyyət, borc hiss edirəm ki, sizin eşidilməyən səsiniz olum. İstəyirəm ki, sizin problemlərinizi eşitdirim, həlli üçün çalışım və gücümü bunun üçün sərf edim. Bu gün fəxr edirəm ki, siz məni dəstəklədiniz, mənə qucaq açdınız. Mən də söz verirəm ki, sizin hər birinizi öz ailəmin bir üzvü kimi görəcəyəm, yanınızda dayanacağam. Bu gün 79 saylı İmişli Seçki Dairəsindən qeydə alınmış 17 namizəd var. Bu namizədlərlə əxlaqımla, mədəniyyətimlə, cəsarətimlə mübarizə apardım. Biri haqqında xoş olmayan söz demədim, təxribat törətmədim. Amma məni özünə rəqib görənlər, gücümdən və sizin səsinizdən, varlığınızdan, mənə olan dəstəyinizdən qorxanlar görüşlərimdə təxribat törədir. Mən 2018-ci ildə Prezident seçkilərində iştirak edəndə, anam təzə rəhmətə getmişdi. Amma mənəviyyatı, tərbiyəsi olmayan insanlar həmin vaxt hətta anamın qəbrini belə söyürdülər. Bu gün həmin şəxslərin arxasında duranlardan burada namizəd olanlar da var. Buradan demək istəyirəm ki, mənəviyyatı olmayan şəxs xalqın təmsilçisi ola bilməz. Amma mən mübarizəmi mənəvi dəyərlər üzərində qurmuşam. Heç vaxt heç kimi pisləməmişəm, təhqir etməmişəm. Bu gün rəqibim olan namizədlərə uğur arzu edirəm”.

"Hər zaman xalqın problemlərini səsləndirmişəm”


Razi Nurullayev çıxışının davamında İmişli camaatına ona dəstək verdiyi üçün təşəkkürünü bildirib:

"15 ildir ki, mən mübarizə meydanındayam. Bu müddət ərzində sizin problemlərinizi səsləndirmişəm. Bəzən məni susdurmağa çalışıblar. Amma mən hər zaman xalqın sözünü demişəm, hər zaman da deyəcəyəm. Əgər pensiya yaşının artırılması, "uşaq pulu” Milli Məclisdə müzakirə olunursa və bir deputat bu qanunun qəbul olunmaması üçün düyməyə basırsa, onu qınayıram. Çünki bu gün pensiya yaşının azaldılması və "uşaq pulu”nun verilməsi üçün mübarizə aparmaq lazımdır”.

Görüşün sonunda deputatlığa namizəd Razi Nurullayev seçicilərin suallarını cavablandırıb, təkliflərini dinləyib.