Rəsmi Bakı Serj Sarqsyanın sitatını xatırlatdı, Yerevana faktlarla cavab verdi

Ermənistanın hazırkı rəhbərliyiöz sələflərinin təcrübəsini davam etdirir. Onlar uydurma və heç də inandırıcı olmayan açıqlamaların verilməsi ilə məşğuldur.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bəyan edib.

"Həqiqətdə isətarixi faktlar onu göstərir ki, məhz erməni silahlı dəstələri 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağda, həmin ilin iyun-oktyabr aylarında isə Zəngəzur və Naxçıvan qəzalarında dinc əhalinin kütləvi qırğınlarını həyata keçirməyə başlayıb. Rəsmi Yerevan bunu çox yaxşı bilir”, - deyə L.Abdullayeva bildirib.

XİN rəsmisi deyib ki, Ermənistan tərəfi on minlərlə dinc azərbaycanlı sakinin məhz etnik və dini mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirildiyini unutmaq istəyir.

"Ancaq buna nə tarix, nə də arxivlərdə saxlanılmış sənədlər buna imkan verir. Ermənilərin 1918-ci illərdə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın və soyqırımı siyasəti ilə tanış olmaq üçün Stepan Şaumyanın memuarları və 1926-ci ildə dərc edilmiş Böyük Sovet Ensiklopediyası ilə tanış olmaq kifayətdir”, – L.Abdullayeva əlavə edib.

XİN nümayəndəsi qeyd edib ki, əgər Ermənistan XİN öz bəyanatlarında ardıcıl olmaq istəyirsə, o zaman Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı böyük qəddarlıqla törədilmiş kütləvi qırğın barəsində susmamalıdır.

"613 mülki şəxsin, o cümlədən 63 uşaq və 106 qadının qətlə yetirildiyi bu insanlıq əleyhinə cinayət bir əsr deyil, cəmi 27 il bundan öncə törədilib. Ermənistanın keçmiş Prezidenti (Serj Sarqsyanı nəzərdə tutur) xarici jurnalistlər qarşısında bu cinayətlə bağlı etirafla çıxış etməyə belə çəkinməyib:

"Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar.Biz bu stereotipi sındırdıq. Bax bu baş verdi”".

L.Abdullayeva söyləyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışı fövqündə Ermənistan XİN-in bu ritorikası qəribə səsləndiyi qədər zərərlidir.

"Ermənistan XİN-i münaqişənin həlli nöqteyi-nəzərindən emosional fonu gərginləşdirən bu kimi bəyanatlar vermək əvəzinə, "yazıq erməni” obrazını bir kənara qoyub, Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməlidir.

Azərbaycan ərazilərinin işğalına son qoymalı, münaqişənin həll olunması və iki xalqın sülh, sabitlik, təhlükəsizlik və tərəqqi şəraitində yaşaması üçün konkret addımlar atmaq barədə düşünməlidir”.