Daxili İşlər Nazirliyi 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən və uzun müddətdir Rusiyada yaşayan, tanınmış meyxanaçı Vahid Qədimlə bağlı yayımlanan xəbərə reaksiya verib.
Sabahinfo.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan MansurzadəA24.az-a bildirib ki, Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək”.
Qeyd edək ki, Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra ötən gün görüntülənib. Meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V.Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.
Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur.