BMT-dən həyəcan təbili

İlin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrant və qaçqınların sayı 750 minə çatıb. Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş bəyan edib.

"Yanvardan etibarən Avropa sahillərinə 750 min nəfər gəlib. Onlardan 3 500 nəfəri həyatını itirib. Hava şəraitinin pisləşməsinə görə qurbanların sayı kəskin surətdə artmaqdadır. Gün ərzində tək Yunanıstan sahillərindəki adalara 6-8 min insan pənah gətirir”, deyə A.Qutyerreş bildirib.

Onun sözlərinə görə, dünyada məcburi qaçqınların sayı İkinci dünya müharibəsindən sonra rekord həddə çatıb: "Hazırda münaqişələr nəticəsində 60 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb. 2010-cu ildə orta hesabla hər gün 11 min nəfər evlərini tərk edirdi, hazırda isə bu rəqəm 42 mini ötüb.BMT strukturları, Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri, digər qeyri-hökumət təşkilatları hətta səylərini birləşdirərək də insanların müdafiəsini təmin etmək, onlara müvafiq yardım göstərməyə qadir deyillər".

Qeyd edək ki, noyabrın 11-12-də Maltada Avropa İttifaqının miqrasiya məsələlərinə həsr olunmuş sammiti keçiriləcək. Sammitdə Aİ ölkələrinin dövlət və hökumət başçıları, həmçinin bir sıra digər dövlətlərin nümayəndələri iştirak edəcək.