Misralarında Küləyi axsadan,Günəşə qucaq açan Allahşükür Ağadan gözəl şeirlər.

Hardasa bir qız…

Hardasa, uzaq bir kənddə, O kəndin ucqar dar daxmasında Bir qız var, Başını dizinə qoyub ağlar. Əlində üz qabığı cırılmış bir kitab… Külək kitabı vərəqləyir Şap – şap. Anası pambıq yığan, Atası mal otaran. Gözünə bax, Büsbütün qan – yaşdı. O qızı, ölmüş bir şairin Sevgi şeirləri Aldatmışdı.

Ayaq izlərim

Yollarda qoyub getdiyim Ayaq izlərimə yazığım gəlir, Qayıdanda qabağıma çıxana qədər  darıxırlar. Elə bil saralmış yarpaqlar da ayaq izlərini sevirmiş deyə, Onları qucaqlayıblar. Düşünürəm, yarpaqlar ayaq izlərini niyə belə sevsin ki… O saat barmağımı dişləyirəm. Ayaq izlərim əslində başımdan tökülür, Yarpaqlar da ağacdan.

Küçə

Bu küçənin canında nə qədər addım səsləri var,  Yazıq qıvrılıb ağrıdan. Addımlar var, gedən, Addımlar var, qayıdan. Gözlədiyi addımların Hesabına yaşayır küçə. Qayıdanları sevinclə Evlərə daşıyır küçə. Bir adam da var, Onu mən də gözləyirəm, Küçə kimi, Gəlmir ki, gəlmir, Sayıram üçə kimi. Gələr, Gəlməz? Bir gün gələr, xəlvət Amma heç kəs bilməz.

 

Balıqlar, quşlar, uşaqlar

Tilov atıb balıqların yuxusunu qaçıran oğlan, Sənin də başından tilov sallanır. Xəbərin varmı, Göyə baxsana? Balıqların üzməyi nizamıdır dünyanın,  Bu nizamı sədəf boyda tilovla uçurmağı, Qurdla balıqları aldatmağı bacardınsa, Sonra küçədə dilənən uşağa bir parça çörək versən, quşa dən səpsən, zülüm – zülüm ağlayaram mən. Üç şey məni həmişə ağladar, Göydə quşlar,  Çayda balıqlar, Yerdə uşaqlar. Onlar yeməyə aldanırlar.

Bir santimetr haqqında

Ən zəhləm getdiyi ölçü bir santimetrdir, Mənə gülməyin.  Qorxduğum da o. Çəkindiyim də. Eynimə deyil yüz santimetrlər Və ya kilometrlər. Amma bir santimetr, Hər dəfə əsəblərimi titrədir. O vaxt ki, dünya çempionu bir santimetr ucundan məqlub olur, Dar ağacından asılan adam ayağı altda bir santımetr çatmadığından  Boğulur.

 

Külək axsayır

Yarpaqlara çil çilənir, Gübrədən, güllədən, tüstüdən. Bəs çiçəklər harda açsın, Bəs arılar harda sevsin, Bəs küləklər harda əssin, Gübrələrin, Güllələrin, Tüstülərin əlindən. Üzüm yarpaqlarına düşən çilə çor deyir atam. "Çor” sözü düşməyir adamların dilindən. Üzüm ağacı ölür yarpaqlarından Bəs quşlar harasından vurulur, Bəlkə, yumurtasından? Külək dalanlarda axsayır, ölür, İnsanların ona duman əvəzinə  tüstü yükləməyindən.

 

Quş və göy

Göy üzündə süzür bir quş, Gözümdə dən dənləyir. O da səni axtarırmış, Gözümdə "sən” dənləyir.

Gözlərim onda olmasa, O quş göydən yıxılar. Mənim gözlərim üçün, O quş yaman darıxar.

O quşu mən saxlamışam, Göy üzündə necə süzür? Gözümü çəksəm ondan, Sınar bir parça göy üzü.