Qadın voleybolçulardan ibarət Bakı klublarında növbəti "ad dəyişikliyi" rəsmiləşəcək.
sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə yekun qərar bu gün veriləcək.
Belə ki, 2008-ci ildən peşəkar səviyyədə fəaliyyət göstərən "Lokomotiv"in fəaliyyəti rəsmən dayandırılacaq. Lakin 1 milyon avroya yaxın borcu olan "Çelenc Cup"ın qalibinin adı yaşayacaq. Bu, Super Liqada 3 gümüş və 2 bürünc medal qazanan Bakı klubunun varisi olmayacaq. Yeni "Lokomotiv" adı ilə gənclərdən ibarət Azərbaycan millisinin cəmləşdiyi və ötən il yaradılan "Gənclik" çıxış edəcək.
Qeyd edək ki, voleybol klublarımızda ad dəyişikliyi adi hal alıb. Məsələn, sponsor dəyişdikdə "Azerreyl" "Azəryol"a və ya əksinə çevrilir. Bu dəfə də "Lokomotiv"in adının "qorunması" boşuna deyil. Çünki az əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Voleybol Federasiyasına prezident seçildi. Bu səbəbdən də "Lokomotiv" üçün "işıq" yandırıldı və kişilərdən ibarət komanda da fəaliyyətə başladı.
Klublarımızın fəaliyyətini dayandırması da hər mövsüm təkrarlanan haldır. Çünki son illərdə "Şirvan", "Bakı", "İqtisadçı", "Nəqliyyatçı", "Rabitə" kimi klublarımızı tarixin yaddaşına köçürmüşük.