Azərbaycanın “Qurban Abbasov” gəmisinin Rusiyaya icarəyə verilməsi ilə bağlı danışıqlar başlayıb

Rusiya Federasiyasının "Marine Offshore Contractor” MMC şirkəti "Qurban Abbasov” kran gəmisini "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən icarəyə götürmək istəyir.

 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə ASC rəhbərliyi ilə danışıqlara başlanılıb.

 

"AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə qonaqlar gəmiyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən tam razı qaldıqlarını bildiriblər. Söhbət zamanı R.Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər şirkətlər kimi, "Marine Offshore Contractor” MMC-nin də etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib.

 

Sonuncu təmir zamanı tamamilə modernləşdirilən "Qurban Abbasov” kran gəmisinin Xəzərin Rusiyaya aid sularında istismar ediləcəyi nəzərdə tutulur.

 

Görüşdə gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub.