Bakıda gecə klubunda qanlı cinayət törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
sabahinfo.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Günay Süleymanova 2015-ci ilin iyulun 13-də Səbail rayonu, Xəqani küçəsində yerləşən "Troya” gecə klubuna əylənməyə gəlib.
Gənc qız gecə yarısına kimi klubunda əylənib. Klybda ona Emin Loğmanov adlı şəxs bir neçə dəfə yaxınlaşaraq tanış olmaq istədiyini bildirib. Lakin Günay Eminlə tanış olmaq istəmədiyini deyib.
Oğlanın ondan əl çəkməməsini görən Süleymanova stolun üstündən götürdüyü pivə qədəhini onun alın nahiyəsinə çırpıb.
Nəticədə Emin Loğmanov sol gözündən kor olub, Günay Süleymanova isə plis tərəfindən həbs edilib.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Günay Süleymanova özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, bildirib ki, zərərçəkmiş Emin Loğmanov ondan əl çəkməyib və onunla tanış olmaq istəyib.
Günay Süleymanova qeyd edib ki, hər dəfə Emin Loğmanova tanış olmaq istəmədiyini deyib:
"Lakin, o, məndən əl çəkmədi, dedi ki, sən "bar qızısan”, mənimlə tanış olmalısan”.
G.Süleymanova əlavə edib ki, daha sonra Emin Loğmanov ona əxlaqsız sözlər deyib və onunla cinsi əlaqədə olmaq istədiyini bildirib:
"Onun bu sözləri məni əsəbiləşdirdi. Stolun üstündə olan qədəhi götürüb başına çırpdım”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günay Süleymanova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Günay Süleymanova apelyasiya şikayəti verib, lakin onun şikayəti təmin edilməyib.