Çexiya milli komandası oktyabrın 11-də Azərbaycan yığması ilə keçirəcəyi DÇ-2018-in seçmə qrup matçına itki ilə çıxacaq.
sabahinfo.az "Report”a istinadən xəbər verir ki, yarımmüdafiəçi David Pavelka sarı vərəqə limitini doldurduğu üçün qarşıdakı görüşü buraxacaq. O, əvvəlcə Şimali İrlandiya ilə qarşılaşmanın (0:0) 80-ci, ardından Almaniya ilə görüşün (0:3) 54-cü dəqiqəsində sarı vərəqə alıb.
Qaydalara görə, seçmə mərhələdə 2 sarı vərəqə alan futbolçu növbəti oyundan kənarda qalmalıdır. Bu səbəbdən, Türkiyənin "Kasımpaşa" klubunun 25 yaşlı orta sahə oyunçusu millimizlə qarşılaşmada iştirak etməyəcək.
Baş məşqçi bu itkini belə şərh edib: "Biz yalnız 11 nəfərdən ibarət deyilik, komandayıq. Deyə bilmərik ki, belə gərəkli oyunçularımız var. Amma hər halda yığmada yenilənmə gedir, yeni qan, yeni enerji gəlir. Bizim üçün Pyotrla Pavelin fərqi yoxdur. İkinci yeri tutmaq istəyiriksə, ilk növbədə, nə yolla olur-olsun, Azərbaycan üzərində qələbə qazanmalıyıq".
Qeyd edək ki, Ostrava şəhərindəki "Vitkovitse" stadionunda keçiriləcək Çexiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.