Millimiz mübarizəni dayandırdı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsini adlaya bilməyib.

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, Rumıniyada keçirilən VI qrupun ilk iki matçında uduzan Vüqar Məmmədin yetirmələri üçün son tur formal xarakter daşıyacaq.

Belə ki, İngiltərəyə 0:2, Avstriyaya 1:3 hesabı ilə uduzan yığmamız Rumıniya ilə son turun görüşündə heç nə verməyən 3-cü yer üçün mübarizə aparacaq. Düzdür, yarışların reqlamentinə əsasən, hər qrupda ilk iki yeri tutanlar, həmçinin ən yaxşı nəticəyə malik 5 üçüncü yer sahibi elit-raunda yüksəlməlidir.
 
Lakin millimiz də, Rumıniya da ən yaxşı 3-cü olmaq imkanını əldən veriblər. Çünki bu komandaların müqayisəsi zamanı onların ilk 2 yer sahibi ilə matçları əsas götürülür. Millimiz isə ilk iki pilləni təmin edən İngiltərə və Avstriya ilə görüşlərdə xal qazana bilməyib. Xal hesabı 0-a bərabər olan yığmamızın top fərqi 1:5-dir.
 
Artıq mübarizəsi başa çatan qruplara baxsaq, komandamızın "beşlik" şansı qalmayıb. Çünki Ukrayna, Çexiya, Monteneqro liderlərdən 1 xal qoparıblar. Xala həsrət qalan Bolqarıstan və Qazaxıstanda isə topların fərqi "-3"dür. Bu isə o deməkdir ki, Azərbaycan yığması üçün Avropa çempionatını bitmiş saymaq olar. Liderlərdən daha çox top buraxan Rumıniya yığması üçün də son tur formal olacaq.