DÇ-2018-in seçmə mərhələsində Norveçlə sabah keçiriləcək qarşılaşmada Azərbaycan millisinin meydana çıxacaq start "11-liy”i müəyyənləşib.
sabahinfo.Az-ın Apasport.az-a istinadən məlumatına görə, bunu yığmamızın baş məşqçisi Robert Prosineçki bu gün keçirilən mətbuat konfransında açıqlayıb.
Xorvatiyalı mütəxəssis həmişə olduğu kimi, yenə qapı xəttini Kamran Ağayevə həvalə edəcək.
Müdafiənin mərkəzi Rəşad Sadıqovla Maksim Medvedev tapşırılacaq. O ki qaldı cinahlara, sağda Məhəmməd Mirzəbəyov, solda isə Arif Daşdəmirov yer alacaq.
Dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayev çıxış edəcəksə, onun önündə Rahid Əmirquliyev və Eddi İsrafilov mübarizə aparacaqlar.
Yarımmüdafiənin sol cinahında Dmitri Nazarov, sağ cinahında Ruslan Qurbanov hücumçunu topla təmin etməyə çalışacaq.
Komandamızın Norveç önündə qol ümidi isə Ağabala Ramazanov olacaq.
Qeyd edək ki, sabah Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Norveç qarşılaşması saat 20:00-da start götürəcək.