"Yığmamızın belə çıxışı bizi sevindirməyə bilməz. Komandamıza inanıram və onların 3 oyundan 7 xal toplamasına sevinirəm. Bu, baş məşqçi Robert Prosineçkinin əməyidir. Futbolçularımızı da yaddan çıxarmaq olmaz. Onların əzmkarlığı, futbol savadını göstərməsi buna sübutudur”. Bu fikirləri APA TV-nin "APAsport” layihəsinin qonağı, Azərbaycanın yığmasının ilk kapitanı Nazim Süleymanov deyib.
2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonasının seçmə mərhələsində növbəti oyunlar baş tutub. İlk turda San-Marinoya qalib gələn Azərbaycan yığması ardınca Norveçi Bakıda 1:0 hesabı ilə məğlubiyyətə uğratdı. Robert Prosineçkinin yetirmələri növbəti görüşünü səfərdə Çexiya millisinə qarşı keçirdi və vətənə qolsuz heç-heçə ilə qayıtdı.Yığmamızın son matçlarını şərh edən N. Süleymanov bildirib ki, son 2 matçda 4 xal qazanılması uğurlu nəticədir: "Norveçlə oyun zamanı U-19 yığmamız Avropa çempionatının seçmə mərhələsində çıxış etdiyindən Kaunas şəhərində idik. Matçı internet vasitəsilə izlədik. Maksim Medvedevin qolu gözəl alındı. Burda Ağabala Ramazanovun da əməyini itirmək olmaz. Çox yaxşı ötürmə verdi. Komandada istək, əzmkarlıq görünürdü. Hiss olunurdu ki, bu gün qələbə qazanacağıq”.
Sabiq futbolçu Norveçlə oyunda komandamızın hesabı açdıqdan sonra müdafiəyə çəkilməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu psixoloji amillə bağlıdır: "Qol vurursansa, istər-istəməz müdafiə futbolu oynayıb, əks-hücumlara bel bağlayırsan. Əgər 0:1 hesabı ilə uduzsaydıq, hər zaman hücum etmək istəyəcəkdik. Bu risklidirmi? Əgər risk özünü doğruldursa, ona getmək lazımdır”.
Norveç yığması ilə dəfələrlə qarşılaşsaq da, heç vaxt qol vura bilməmişdik. Hətta N. Süleymanovun oynadığı vaxtlarda da skandinaviyalılar bizi qola və xala həsrət qoyub. Qonağımız qələbədə xüsusi olaraq, kimisə fərqləndirməyib: "Komanda deyiriksə, burda hamının payı var. Bəli, danılmazdı ki, Robert Prosineçki komandada çox yüksək əhval-ruhiyyə yaradıb, futbolçulara inamı verib. Oyunçular da meydana bütün güclərini qoyur”.
N. Süleymanovun sözlərinə görə, yığmamızın Ostravadan heç-heçə ilə qayıtmasında bəxt amili də rol oynayıb: "Arxa xətdə müdafiəçilər deyil, hücumçular da daxil olmaqla çox gözəl müdafiə olundular. Bəli, əks-hücumlarda qol epizodu yaratdıq, amma bu, faizlə çox az idi. Bəlkə də rəqib fərdi göstəricidə bizdən üstün ola bilər. Lakin komandamız səfər sindromunu yavaş-yavaş sındırır. Çexiya futbolunun hazırda yaxşı günlərini yaşamamağına gəlincə, tarixdə hesab qalır. Biz də heç-heçə oynadıq və deməliyik ki, bu gün onlardan zəif deyilik”.
Norveç və Çexiya ilə oyunlarda komandamız daha çox etibarlı müdafiəsi ilə seçildi. Sabiq hücumçu cari tsikldə qol buraxmayan millimizin oyununda qapıçı Kamran Ağayev və müdafiə xəttinin uğurlarımızda payından da danışıb: "Azərbaycan futbolunda belə bir hadisə olmamışdı. 3 oyundan 7 xal yığmaq və qol buraxmamaq tarixi hadisələrdir. Əlbəttə, Kamran Ağayevin yaxşı formadadır və üzərinə düşən vəzifəni yüksək şəkildə yerinə yetirdi. O, bununla komandaya böyük inam verir”.
N. Süleymanov yığmamızın hücum xəttinə Rusiya yığmasından cəlb olunun Ramil Şeydayevin oyununu da dəyərləndirib: "Onun Rusiyadan imtina edib, Azərbaycan millisinə dəvət alması çox gözəl oldu. Belə bir hücumçunun yığmada olması yaxşı haldır və onun potensialı böyükdür. Mənə elə gəlir Ramil Şeydayev öz üzərində çox işləməlidir. Bizə, yaxud mətbuatın yazdığına çox fikir verməməlidir. Bəli, onun potensialı böyükdür. Onda olan texniki, fiziki göstəricilər inam yaradır ki, gələcəkdə yaxşı hücumu ola bilər. Ümumilikdə hücum xəttimizə gəldikdə, 3 oyunda 2 qol vurmaq çox deyil. Amma az da deyil. Əgər 2 top vurub, 6 xal toplamışıqsa, bu yaxşı nəticədir. Çexiyada qol epizodumuz çox olmasa da, gələcəkdə bu sindromu da sındıraraq, rəqib meydançalarında fərqlənmək şansını dəyərləndirməliyik”.
Uğurlu startdan sonra bir çoxları mundial xəyalı qurmağa başlayıb. Təcrübəli mütəxəssis bunun nə dərəcədə real olmasına aydınlıq gətirib: "Biz həmişə eyforiyaya tez düşən millətik. Bir balaca buna ehtiyac yoxdur. Qarşıda hələ çox oyunlarımız var. Rəqibin eniş dövrü yaşadığı da vurğulanır. Gəlin, öz futbolumuzun inkişafını da kölgəyə salmayaq. "İştaha diş altındadır”, deyiblər. "Niyə də yox?” kimi devizimiz var. Niyə də arzularımız çin olmasın? Niyə də bizə yaxın olan Rusiyaya səfər edib, mundialda iştirak etməyək? Niyə də yox?”.
Yığmamızın yer aldığı C qrupunda Almaniyanın 1-ci olacağı kimsədə şübhə yaratmır. Arxada qalan 3 oyundakı quru hesablı asan qələbələr də bunu göstərir. N. Süleymanov ikinci yer uğrunda mübarizənin kimlər arasında gedəcəyini də açıqlayıb: "Nəinki Azərbaycan futbol ictimaiyyəti, bütün Avropa, dünya hazırda oyunumuzdan danışır. Sözün düzü, 3 oyundan 7 xal gözləmirdik. Amma komandanın daha da yaxşı oynamasına inanırdıq. Qrupda ikinci yer uğrunda əsas rəqib kimi elə Çexiyanı, Norveçi, Şimali İrlandiyanı görürəm. Bu komandalar arasında böyük rəqabət olacaq. Əgər bu gün tarix yazmışıqsa, irəli getmək üçün bunu davam etdirmək lazımdır”.
Millimiz qrupda 4-cü oyununu Şimali İrlandiyaya qarşı keçirəcək. N. Süleymanov noyabrın 11-də ən yaxın izləyicimizlə səfərdə baş tutacaq oyunla bağlı proqnozlarını açıqlayıb: "Ordan da minimum 1 xalla qayıdacağımıza inanıram. Bu əhval-ruhiyyəmizin və inamımızın daha da artmasına kömək olacaq. Fikrimcə, bunlara sürpriz kimi baxmamalıyıq, öz komandamıza inanmalıyıq”.
Sovet futbolunun yetirmələrinin yer aldığı yığmada çıxış edən, sonradan komandamızı 1 oyuna baş məşqçi kimi çıxarıb, köməkçi məşqçi kimi də çalışan mütəxəssis həmin dövrün komandası ilə hazırkı millini müqayisə də edib: "O vaxtkı futbolun sürəti, zamanı, vaxtı tam başqa idi. İndi də tam başqadır. Əgər bu gün milli xal yığırsa, nəticəsi varsa, hər şey bununla ölçülür. Yox, indi durub deyək ki, bizim dövrün yığması güclü idi? Əgər güclüydüksə, biz niyə xal yığmırdıq? Bunun da səbəbləri var. Biz öz ölkəmizdə, evimizdə oynamadıq. Qardaş ölkə, Türkiyədə çıxış etdik. Mən həmin vaxt komanda yoldaşlarımı və özümü də zəif hesab etmirəm, "kölgəyə də salmaq” istəmirəm. Qoy bunu futbol ictimaiyyəti desin. Amma nəticə varsa, bu gün milli daha yaxşı oynayır. Hər birimizin arzusudur ki, bizlə sərhəd olan ölkələrə deyil, öz yığmamıza inanaq və azarkeşlik edək”.