Bakıda keçirilən 42-ci Ümumdünya Olimpiadasının ilk 5 turunun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər lövhədə 20 ən yaxşı şahmatçı müəyyənləşib.
I lövhədə ən çox xal toplayan 2 şahmatçıdan ikisi ölkəmizi təmsil edir. 5 oyunda 4 xal qazanan Şəhriyar Məmmədyarov (Azərbaycan-1) və Vasif Durarbəyli (Azərbaycan-2) liderliyə şərikdi. 5 turda lövhə arxasına keçib 3,5 xal toplayan Vüqar Əsədli (Azərbaycan-3) eyni göstəriciyə malik rəqibləri ilə 14-17-ci yerləri bölüşür.
İkinci lövhədə oynayan şahmatçılarımızdan heç biri ən yaxşılar sırasına düşməyib. Üçüncü lövhədə çıxış edən Qədir Hüseynov (Azərbaycan-2) 4 qarşılaşmadan 3,5 xal toplamaqla 10-18-ci yerləri bölüşdürür. Dördüncü lövhədə isə 2 təmsilçimiz yer alıb. Bütün oyunlarda iştirak edən Arkadi Naydiç (Azərbaycan-1) 4 xalla 4-9-cü yerlərə şərikdi. 4 mümkün xaldan 3,5-ni toplayan Namiq Quliyev (Azərbaycan-2) 10-17-ci pillələrdə qərarlaşanlar arasındadı.
Kişi şahmatçıların mübarizəsində 4 idmançı 5 oyunda 100 faizlik nəticə göstərib. Bunlar polşalı Yan-Krşiştof Duda, islandiyalı Hyorvar Steyn Qretarsson (hər ikisi II lövhə), hindistanlı Santoş Vidit və rusiyalı Yan Nepomnyaşidi (hər ikisi III lövhə).
Qadınların yarışında 3 komanda ilə təmsil olunan Azərbaycan yığmasının yalnız 2 təmsilçisi siyahıda yer alıb. Əsas yığmamızın I lövhəsində çıxış edən Zeynəb Məmmədyarova keçirdi 5 matçda 3,5 xal toplayıb və 9-20-ci yerlərə şərikdi. 4-cü lövhədə çıxış edən Aydan Höccətova 4 qarşılaşmada 3 xal qazanmaqla, 20-ci pillədə yer alıb.
Qadınların mübarizəsində ilk 5 turda 5 qələbə qazanmaq isə yalnız 4 şahmatçıya nəsib olub. Onlar II lövhədə çıxış edən Sabrina Qutyereslə (İspaniya) Kristina-Adela Folsor (Rumıniya), III lövhədə rəqib tanımayan Klaudia Kulon (Polşa), IV lövhənin lideri Nino Batsiaşvilidi (Gürcüstan). 100 faizlik nəticə göstərən digər şahmatçıların hesabında isə daha az oyun var.
Qeyd edək ki, Olimpiadada bu gün istirahətdi.