Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluqda təqsirləndirilən Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Sonra prokuror təqsirləndirilən şəxslər - Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımova barəsində seçilən polisin nəzarətinə vermə qəti imkan tədbirinin həbs qəti imkan tədbiri ilə əvəz olunması və onların məhkəmə zalında həbs edilməsi ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib və hər üç şəxs məhkəmə zalında həbs edilib.
Məhkəmə baxışı yanvarın 5-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Əli Qarayevin Bakı şəhərində yerləşən mənzilində kirayə yaşayıblar. Onlar mənzildən 37 min manatlıq oğurluq ediblər. Onlar həmçinin, Bakı sakininin etibarından sui-istifadə edərək, saxta qızıl girov qoyaraq, onun 3200 manatlıq pulunu dələduzluq yolu ilə ələ keçiriblər.