FHN Həmkarlar İttifaqı Gənclər Günü münasibətilə tədbir keçirib

Fevralın 2-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin Xətai rayonunda yerləşən inzibati binasının akt zalında 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş nitqi ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Respublikasının gənclər siyasəti və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan geniş söhbət açıb.

O çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1997-cı ildən başlayaraq hər il fevralın 2-nin Gənclər Günü kimi qeyd edildiyini, ölkədə gənclər siyasətinin formalaşdırılmasında Ulu Öndərin misilsiz rolu olduğunu bildirib. Mehman İsmayılov Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət-gənclər siyasətinin əsasının qoyulduğunu xüsusi olaraq vurğulayıb. Hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmasında Ümummilli Liderin xüsusi əməyinin olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini çıxışında diqqətə çatdırıb.

M.İsmayılov çıxışında qeyd edib: “Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Tam əminliklə deyə bilərik ki, gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan müdrik siyasətdir. Vətənpərvər, sağlam və intellektual gənclik güclü dövlətin təməlidir. Məhz bu nəticə 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiq etdi”.

M.İsmayılov Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından, onlara olan inam və etimaddan bəhs edərkən diqqətə çatdırıb ki, 2021-ci il martın 20-də Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik zamanı Şuşada Cıdır düzündə Azərbaycan gəncliyinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq”.

İttifaq sədri FHN gənclərinin fədakar əməyindən bəhs edərkən deyib ki, həm Vətən müharibəsi dövründə, həm də gündəlik xidməti fəaliyyətlərində ittifaqın gənc üzvləri xüsusi fədakarlıq göstəriblər. Ötən yayda qardaş Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində, xilasetmə işlərində gənc əməkdaşların peşəkar və fədakar fəaliyyəti bütün bunları bir daha təsdiq etdi.

M.İsmayılov çıxışının sonunda qeyd edib ki, bu gün Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək cəmiyyətimizin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışaraq dövlətimizin inkişafına töhfəmizi verməliyik.

Çıxışdan sonra FHN-in regional mərkəzləri və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərkən xüsusi fərqlənmiş 48 gənc əməkdaş Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.