Azərbaycan dövləti hər zaman Fransa ilə münasibətlərə xüsusi önəm verib, Parisə dost əli uzadıb. Lakin qarşılığında Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılaşıb. Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Xatırlayırsınızsa, Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran sənədlər qəbul etmişdi.
İşğal dövründə rəsmi Paris ATƏT-in üç həmsədr dövlətindən biri kimi İrəvanın işğalçılıq siyasətini təsdiq edən, zəbt etdiyi Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən məlum qətnamələrin icra olunması üçün heç bir addım atmadı. Hamımızın yaxşı xatırladığı kimi, həm Qarabağın işğalı dövründə və həm də sonrakı dövrlərdə Fransa tərəfi Ermənistandan yüzlərlə azərbaycanlı əsir və girovun azadlığa buraxılmasını tələb etmədi. Halbuki, bu barədə danılmaz faktlar, sübutlar və sənədli dəlillər təqdim edilmişdi. Fransa indiyə qədər mina xəritələrinin verilməsi ilə bağlı bir dəfə də olsun aydın və dəqiq bir tələblə çıxış etməyib, baxmayaraq ki, rəsmi Paris tərəfindən müxtəlif dövrlərdə, fərqli mövzularda Azərbaycana tələblər irəli sürülürdü.
Bildiyiniz kimi, 16 mart 2023-cü il tarixində Fransa Senatında növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, ölkəmizin daxili işlərinə müdaxilə məqsədi güdən qondarma “konfrans” təşkil edilmişdir.
Fransa milli səviyyədə öz ərazisində yaşayan fərqli etnik və dini mənsubiyyətdən olanların hüquqlarına qarşı açıq şəkildə dözümsüz münasibət göstərdiyi halda, Azərbaycanın beynəlxalq tanınmış ərazilərində məskunlaşmış erməni azlığın “hüquq və təhlükəsizliyi” məsələsi ilə bağlı aktivlik göstərir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində hərəkət və bəyanatlara yol verir.
Bir neçə gün əvvəl Fransanın şimalında yerləşən Sent Omer şəhərində 50 yaşlı qadın Feysbuk sosial şəbəkəsində prezident Makronu guya “təhqir” etdiyinə görə istintaqa cəlb edilib. Qadın bütün Fransada milyonlarla insanı küçələrə çıxaran pensiya haqqında qanuna özünün şosial şəbəkə hesabından etirazını bildirib. İyun ayında keçiriləcək məhkəmədə təqsirli bilinərsə, qadın 12.000 avro cərimə olunacaq, eyni zamanda, onun həbs olunma ehtimalı da mövcuddur.
Təsəvvür edin, özünü bütün dünyaya tolerantlığın, söz və vicdan azadlığının simvolu kimi təqdim edən ölkədə sosial şəbəkədə belə vətəndaş öz etirazını bildirərkən həbs edilmək təhlükəsi ilə qarşılaşır. Və bu dövlət başqalarına “vətəndaş cəmiyyətindən”, “demokratik dəyərlərdən” dərs keçməyə çalışır.
Məlum olduğu kimi, sözügedən pensiya islahatı haqqında qanun Prezident Makronun təşəbbüsü ilə Milli Assambleyada səsə belə qoyulmadan qəbul edilib. Milyonlarla Fransa seçicisinə birbaşa təsir edən bir qanunun parlamentdə səs vermədən yan keçməklə, mübahisəli hüquqi prosedur yolu ilə qəbulu məsələsinə diqqət ayırmaq əvəzinə parlamentarilərin ermənilərin “hüquq və təhlükəsizliyi” ilə bağlı qondarma tədbirlərin təşkili ilə məşğul olması ilk növbədə onların öz seçicilərinə qarşı xəyanətdir.
Fransa parlamentarilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəfə alan, Azərbaycan ərazisində separatizmi açıq şəkildə həvəsləndirən addımları ikiüzlülüyün bariz təzahürü kimi ciddi şəkildə qınağa layiqdir. Bütün bu baş verənlər, Fransanın etnik ermənilərin hüquq və təhlükəsizlikləri ilə bağlı atdığı addımların və irəli sürdüyü təşəbbüslərin bu ölkənin məsələ ilə bağlı səmimi narahatlığından irəli gəlmədiyini, Cənubi Qafqaz regionunda geosiyasi maraqlarını təmin etmək məqsədi güddüyünü, bu məqsədlə də Ermənistanı və Qarabağ bölgəmizin sadə erməni sakinlərini bir alət kimi istifadə etdiyini açıq şəkildə göstərir.
Sadalanan hadisələr fonunda, Fransa hökumətinin tutduğu mövqenin təəssüf doğurduğunu bir daha vurğulayıram və demək istəyirəm ki, bu hadisələr ilk növbədə, Fransanın regiondakı maraqlarına, beynəlxalq imicinə ciddi zərbədir. Çünki, belə addımlarla BMT-ninTəhlükəsizlik Şurasının üzvü olan bir dövlət beynəlxalq arenada bir vasitəçi kimi öz nüfuzunu itirmiş olur.
Fransa dövləti anlamalıdır ki, dünyanın müxtəlif bölgələrində baş verən ərazi münaqişələrini törədən işğalçı və təcavüzkarlara ikili standartlar baxımından yanaşılması növbəti separatçılıq üçün münbit şərait yaradır, insanlara fəlakət gətirir.
Fransa parlamenti anti-Azərbaycan nifrət kampaniyasının aləti kimi çıxış edərək beynəlxalq hüququ, iki dövlət arasında münasibətlərin hüquqi çərçivəsini kobud şəkildə pozur, kövrək sülh səylərinə xələl gətirir, düşmənçiliyi, revanşizmi açıq şəkildə təbliğ və təşviq edir.
Bu, tamamilə ikiüzlü, qərəzli siyasi mövqenin təzahürü olmaqla, Fransanın Azərbaycan-Ermənistan məsələlərində, ümumiyyətlə Cənubi Qafqaza münasibətinin ikili standartlar əsasında qurulduğunu, eqoist geosiyasi maraqlardan irəli gəldiyini açıq şəkildə nümayiş etdirir.
Əminə Ağazadə
Milli Məclisin deputatı