2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin YAP Ordubad rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın 1993-cü ildən bu günədək keçdiyi inkişaf yolundan və partiyanın cəmiyyətdə artan nüfuzundan bəhs edib. Bildirib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir: “Son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı 30 il işğal altında qalan torpaqlarına qovuşdurdu, tarixi ədalət bərpa olundu”.
Sonra E.İsmayılov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Vüqar Rəhimzadə çıxışında Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası kimi dəyərləndirilən Ulu Öndər Heydər Əliyevin ideyalarının ölkəmizin qarşısında açdığı imkanlardan danışıb. Qeyd edib ki, bu ideyalar müasir müstəqil Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirən mayakdır. Müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan 1993-cü ildən bu günədək dünyanı heyrətləndirən uğurlara imza atıb. Namizəd vurğulayıb ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası bu uğurların zirvəsində dayanır.
V.Rəhimzadə Azərbaycan gənclərinin milli ruhda tərbiyə olunduğunu, tarixinə, milli-mənəvi dəyərlərimizə, ənənələrimizə bağlı olduqlarını önə çəkərək qalib ölkəmizin daha möhtəşəm uğurlara doğru inamla irəliləməsinə dəstək olmaq üçün YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Səkinə Tağıyeva, Fərman Rəsulov uğurlarımızda xalqımızın birliyinin, həmrəyliyinin, Vətənə, torpağa sevgisinin rolundan geniş bəhs ediblər.
İlk dəfə səs verəcək gənclərdən Abbas Hacıyev çıxış edərək gənclərin həyata keçirilən siyasətə, YAP-a inam və etimadından bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan YAP-a xalqın sevgisi sonsuzdur: “Partiya gənclərə daim diqqət və qayğı ilə yanaşır, onlara potensial imkanlarını ortaya qoymaq üçün geni imkanlar yaradır. Yekdil fikir bu olub ki, dövlətin, xalqın gələcəyini düşünən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyik”.
Qeyd edək ki, deputatlığa namizəd Vüqar Rəhimzadənin Ordubad rayonunun mərkəzində açıq havada seçicilərlə də görüşü olub.