Geosiyasi qələbələrimiz mədəni inteqrasiyanın yeni mərhələsini zərurətə çevirib 

Azərbaycan Respublikası özünün çoxəsrlik dövlətçilik ənənələrinə uyğun olaraq, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunmasını istəyərək, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etməyi konstitusion niyyət kimi bəyan edib. Bəşəriyyətin mütərəqqi dəyərlərini paylaşan ölkəmiz qlobal birliyin tam hüquqlu üzvü kimi xalqların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu olan dünya mədəniyyətinin irs və təfəkkürünü bölüşür.

Ulu Öndər Heydər Əliyev hələ 25 il əvvəl, “Yeni Əsr və üçüncü minillik münasibətilə” Azərbaycan xalqına 29 dekabr 2000-ci il tarixli müraciətində strateji hədəflərimizi təhlil edərkən qeyd etmişdi ki, “Dünya inkişafının indiki mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır”.

Qloballaşma prosesi özündə kifayət qədər düyün nöqtələri ehtiva etsə də, mədəni inteqrasiya Ulu Öndərin siyasi kursunun prioritetlərindən olmuş, eləcə də dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi, o cümlədən mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunun təmin olunması, dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafı cənab İlham Əliyevin də fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edilir. Məhz bu çərçivədə Azərbaycan Respublikasında mədəniyyət sahəsində mədəni irsin və mədəni sərvətlərin yaradılması, müəyyən edilməsi, qorunması, inkişafı və təbliği sahəsində həyata keçirilən tədbirlərdə dövlətin rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya, strategiya və dövlət proqramlarının məcmusunda ehtiva olunan dövlət siyasəti həyata keçirilir. “Mədəniyyət haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən, mədəniyyət sahəsində dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla Azərbaycan xalqının fundamental dəyər və məqsədləri, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət milli maraqlar sisteminin vacib həlqəsidir. Azərbaycan xalqının mədəni-tarixi irsinin ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi və intellektual potensialının inkişaf etdirilməsini hədəfləyən və sivilizasiyalararası körpü rolunu oynayan ölkəmiz də açıq formada bəyan edir ki, Qərb və Şərq mədəniyyətlərindən bəhrələnməklə dövlətlər və xalqlar arasında dialoqa töhfə verməyə davam edəcəkdir.

Təbii ki, mədəni inteqrasiyadan danışdıqda artıq əsrlərdir ki, əsas vasitə ilk növbədə musiqi hesab edilir. Ulu Öndərin təbirincə desək, “mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır”. Forma, harmoniya, melodiya, ritm və ya başqa cür ifadəli məzmunun birləşməsi və səsli, bədii obrazları gərçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biri kimi musiqi artıq 160 min ildir ki, bəşəriyyətin ortaq dili və həm də əvəzsiz mənəvi kommunikasiya vasitəsidir. Lakin, eyni zamanda müasir dünyada musiqi və əvvəlcədən hazırlanmış müəyyən proqram üzrə musiqi əsərlərinin, mahnıların, musiqilərin dinləyicilər qarşısında ifa olunması - yəni konsert anlayışı artıq uzun illərdir ki, mədəni istirahət, zövq və kübar əyləncə çərçivələrini aşaraq təbliğat maşını və böyük sənayeyə - o cümlədən nəhəng biznes sferasına çevrilib. Təsadüfi deyil ki, ötən əsrin ortalarından daha da qabarıq format alan və günümüzdə özünün kuliminasiya çağını yaşayan “dünya turnesi” anlayışı artıq digər ölkələrdə baş tutan konsert silsiləsi yox, bütövlükdə regionlarda mədəni, iqtisadi, sosial və hətta siyasi hadisəyə çevrilir. Bu mənada, hər hansı ölkənin adının dünya ulduzu sayılan musiqiçinin turne siyahısına salınmasına nail olmaq bir çox dövlətlərin mədəniyyət siyasətinin vacib prioritetlərindən birinə çevrilib. Bu da çox təbiidir, çünki artıq bu konsertlər dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətin tərəqqisində istifadə üçün imkanlar yaratmaqla kifayətlənmir, həm də sosial-iqtisadi proseslərin hərəkətverici qüvvəsi kimi çıxış edə bilir.

Bəs ölkəmizin necə, eyni səviyyəli mədəni tədbirlərə - daha konkret desək, dünya ulduzlarının turnelərinə ev sahibliyinə nail olmaq mümkündürmü?

Əvvəlcə ondan başlayaq ki, insanların dünya mədəniyyət nümunələrinə və mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün əhəmiyyətli tədbirlərin təşkili, o cümlədən belə mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakının dəstəklənməsi mədəniyyət sahəsində dövlətin vəzifələridir. Eyni zamanda ötən dövrün təcrübəsi aydın formada göstərməkdədir ki, bu sahədə ciddi siyasi iradə mövcuddur. Məhz bu iradənin nəticəsidir ki, Azərbaycan Avroviziya, Avropa Olimpiada oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə uğurla ev sahibliyi edib və həm də önəmli təcrübə qazanıb. Eyni zamanda bu prosesin uğurla realizəsi perspektivi istiqamətdə Heydər Əliyev Fondunun rolu və Fondun prezidenti Mehriban xanım Əliyevanın qlobal imici xüsusi qeyd olunmalıdır. Digər tərəfdən, Azərbaycanda ictimai təhlükəsizlik və asayişin tam təmin olunması, xüsusən Vətən müharibəsində hərbi-siyasi qələbələrimizdən sonra yaranan yeni geosiyasi reallıqda möhtərəm Prezidentin dediyi kimi, ölkəmizin təhlükəsizlik adası olması Azərbaycan Respublikasına istənilən səviyyəli tədbiri uğurla keçirməsinə təminat verir. Məsələn qısa müddət öncə çoxsaylı anti-Azərbaycan kampaniyalara və maneə cəhdlərinə baxmayaraq COP29-un uğurla realizəsi bunu bir daha sübut etdi.

Bu məqamda ortaya başqa bir sual çıxır, Beyonce, The Weeknd, Taylor Swift kimi dünya musiqi nəhənglərinin turne çərçivəsində Azərbaycana gəlmələri ölkəyə nə vəd edə bilər?

İlk növbədə belə bir ideyanın reallaşması bütövlükdə Cənubi Qafqazda önəmli mədəniyyət hadisəsinə çevrilərək, eyni zamanda dövlətin xarici siyasət məqsədlərinin təntənəsi kimi tarixə düşə bilər. 29 dekabr 2000-ci il tarixli konseptual çıxışında Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, “Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, digər amillərlə yanaşı həm də Respublikanın mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır”.

Deməli, cari ideyanın reallaşması mədəniyyət sahəsində dövlət siyasətinin strategiya və konsepsiyalarına yeni baxış bucağı gətirə, mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yarada, milli mədəniyyətin müasir dünya mədəniyyətindən bəhrələnməsinə, əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edən mədəniyyət əsərlərinin yaradılmasının stimullaşdırılmasına, dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılmasına, mədəniyyət sahəsində avtomatlaşdırmanın və ən qabaqcıl rabitə, informasiya, elektron idarəetmə və kommunikasiya texnologiyalarının tətbiq olunması və inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasının təmin edilməsi və təşviqinə, habelə mədəniyyət, o cümlədən əyləncə sənayesinin inkişaf etdirilməsi, mədəniyyətin müxtəlif formalarının rəqabətə davamlılığının dəstəklənməsinə ciddi təkan ola bilər.

Dünya ulduzlarının turne siyahısına düşmək yalnız mədəni yox, həm də mədəni turizmin inkişaf etdirilməsi və təşviqi baxımdan ciddi iqtisadi hadisə sayıla bilər. Məsələn Beyoncenin İsveçə 2023-cü ilin may ayındakı səfəri ilə bu ölkədə iqtisadiyyatda əlavə canlanma müşahidə olunmuş, 2021-ci ildən davam etmiş iki rəqəmli (10%) inflyasiya 2 il sonra bir rəqəmli göstəriciyə (9,7%) keçmişdir. Səbəblər isə kifayət qədər sadə idi, Beynocenin “Renaissance” adlı dünya turnesininin iki konsertini Stokholma salması, dünyanın müxtəlif bölgələrindən yüz minə yaxın pərəstişkarın İsveçə axını ilə paytaxtda və ətraf bölgələrdə otellər aylar öncəsindən bron edilərək satışa bağlanmış, restoran, kafe və s. iaşə obyektlərinin dövriyyəsi kritik artmış, o cümlədən turistlərin sonrakı dövr üçün bu ölkəyə marağını qorumasının turizm sənayesinə əhəmiyyətli təsir göstərməsi müvafiq iqtisadi reallığa səbəb olmuşdu.   

Mübaliğəsiz desək, İsveç iqtisadiyyatına birbaşa təsir etməyi bacaran Beyoncenin bu il baş tutacaq yeni “Cowboy Carter and the Rodeo Chitlin' Circuit Tour” adlı yeni turnesinə nəzər yetirsək, aprel ayının 28-i Los Anceles şəhərində baş tutacaq turne siyahısında cəmi 3 ölkənin olmasına baxmayaraq veriləcək 30 konsertin ümumi gəliri təxmini 450 milyon dollar civarında hesablanır. Turnenin başlamasına 2 aydan çox vaxt qalmasına baxmayaraq dünyanın nəhəng stadionlarında baş tutacaq konsertə 400 min biletə münasibətdə 6 milyon 200 min insanın iddiası əsasında bilet satışı saniyələr içində yekunlaşmış, o cümlədən həmin tarixlərdə otel və hostellər tam şəkildə bron edilmişdir. Bu artıq həmin şəhərlərin və bütövlükdə ölkənin iqtisadiyyatı üçün önəmli mərhələ deməkdir.

Bundan başqa, konsert biletləri əvvəllər fiziki formada kassalarda satılırdısa, indi əksər hallarda alışın onlayn şəkildə QR kod vasitəsi realizəsi prosesi daha da sadələşdirmiş, əlçatanlığı artırmışdır. Məsələn artıq indidən bəllidir ki, əzəmətli Tottenham Hotspur Stadionunda 6 gün davam edəcək London konsertinə hər axşam təxmini 66 min insan qatılacaq. Bütün bunlar bir daha göstərir ki, adıçəkilən turnelər daha çox adət etdiyimiz sıradan konsertlərdən, hətta dünya ulduzlarının özlərinin belə solo konsertlərindən mahiyyət və keyfiyyətcə tam fərqlənən kompleks mədəni-sosial, iqtisadi və siyasi prosesdir. Çünki ilk növbədə söhbət hansısa dünyada ən az yarım milyard insanın hər gün izlədiyi aktual təsir gücünə malik superstarlardan gedir.

Aydındır ki, belə tədbirlərin realizə olunmaması milli maraqlarla heç bir formada ziddiyyət yaratmır və Azərbaycan Respublikasının mədəniyyət siyasətinin həyata keçirilməsi qarşısında əngəl kimi çıxış etmir. Xüsusən nəzərə alsaq ki, ölkədə mədəniyyət siyasəti xalqın mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinin, mədəni irsin, maddi və mənəvi dəyərlərin mühafizəsi, mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına yönəlmiş formada həyata keçirilir. Yəni Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyillərindən kənarda qalmamaq şərtilə, milli mədəniyyətin özünəməxsusluğunu birmənalı şəkildə qoruyur. Yəni siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğu bir şəraitdə qeyd edilən ideya reallaşarsa – yəni Beyonce, The Weeknd, Taylor Swift kimi dünya musiqi nəhənglərinin ölkəyə turne çərçivəsində gəlməsi ehtimalından əsas qazanan tərəf Azərbaycan Respublikası olacaq. Xüsusən bir daha vurğulamalıyıq ki, ölkəmizin Vətən müharibəsində qələbəsindən sonra güclənən geosiyasi mövqeyində və müzəffər liderimizin şəxsi nüfuzunda ehtiva olunan önəmli imkanlar fonunda Azərbaycanın istənilən səviyyəli tədbirə ev sahibliyinin təhlükəsiz şəraitdə baş tutması heç bir qlobal subyektdə şübhə yaratmır. Bu mənada, əminliklə deyə bilərik ki, hazırda təklif olunan istiqamətdə prosesə start vermək üçün ideal vaxtdır.

İbrahim ZAHİDLİ,
EU Business School Geneva məzunu.